Nə İrəvan, nə Paris: Azərbaycan sülhü özü yaradacaq
Xəbər verdiyimiz kimi, Yelisey sarayı Kişinyovda Ermənistan, Azərbaycan, Fransa, Almaniya və Avropa Şurası rəhbərlərinin iştirakı ilə keçirilən beştərəfli görüşün yekunlarına dair bəyanat yayıb.
Bəyanatda bildirilib:
“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 6 oktyabr 2022-ci ildə Praqada 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiqlədilər. Onlar Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiq etdilər”.
O da qeyd olunub ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıblar. Tərəflər həmçinin Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə təminatların tətbiqinin vacibliyini bildiriblər. Bəyanatdakı bu hissə rəsmi Parisin fikirlərini əks etdirir.
Hər kəsə bəllidir ki, Qarabağda separatçılıqla, Azərbaycana qarşı terror fəaliyyəti ilə məşğul olmayan ermənilərin bundan sonra ölkəmizin vətəndaşı kimi qanunlara əməl edəərk yaşamasında heç bir problem yoxdur. Rəsmi Bakı bunu dəfələrlə bəyan edib.
Yəni dinc erməniləri heç nə təhdid etmir. Amma separatçıların hərəkətləri Azərbaycanı sərt tədbirlər görməyə məcbur edir. Görünən odur ki, Ermənistan sülhdən yayınaraq yeni müharibəyə təhrik edir. Belə davam edəcəyi təqdirdə, Azərbaycan olmayan sülhün arxasınca qaçmayacaq və sülh şərtlərini öz bildiyi kimi müəyyən edəcək.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Qarabağda 10 min qeyri-qanuni silahlı dəstə var:
“Həmçinin, hələ də orada Ermənistanın hərbçiləri də mövcuddur. Yəni 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatına da əməl etməyiblər. Burada təhlükəsizlikdən danışanda, Qarabağdakı erməni əhalinin təhlükəsizliyindən söhbət getməlidir, o da Azərbaycanın daxili işidir. Bu da Ermənistanı maraqlandırmamalıdır. Azərbaycanın öz vətəndaşlarının təhlükəsizliyini necə təmin etdiyi Ermənistanın biləcəyi iş deyil.
ümumiyyətlə, rəsmi İrəvan və ya Paris bizim daxili işlərimizə qarışa bilməz. Bu cür yanaşmanı birdəfəlik rədd etməliyik. Qarabağ bizim ərazimizdir, oradakılar öz əhalimizdir və bu, daxili işimizdir”.
Politoloq vurğulayıb ki, Ermənistan və onun havadarı olan Fransa bu şəkildə davam edəcəyi, sülhdən boyun qaçıracağı təqdirdə, Azərbaycan Xankəndidəki qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək üçün addımlar ata bilər:
“Rəsmi Bakı dəfələrlə yüksək səviyyədə bəyan edib ki, orada əli qana batmayan, terror aktlarında iştirak etməyən və əsgərimizə güllə atmayan erməni əhalisi Azərbaycanın vətəndaşıdır. Onlar da bütün hüquqlarla təmin olunacaq. Amma oradakı qeyri-qanuni erməni silahlı dəstələrini zərərsizləşdirmək üçün Azərbaycanın addım atmağa tam hüququ var”.
Elmir Mustafa
Cebhe.info