Partiya sədrindən Tofiq Yaqubluya sərt cavab: "Ağzı köpüklənə-köpüklənə..."

Müsavat Partiyasının və Milli Şurasının üzvü Tofiq Yaqublu növbəti dəfə Azərbaycan əleyhinə fikirləri ilə gündəmə gəlib.
Hazırda hər kəs Azərbaycanın Qarabağdakı zəfərindən və uğurlarından danışır. Azərbaycan əsgərləri Xocalıda, Əsgəranda, Ağdərədə və Xankəndidə bayrağımızı qürurla dalğalandırır.
Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib və separatçıların həbsinə başlanılıb. Amma tarixi və qürur hissi keçirdiyimiz günləri yaşasaq da, nə hikmətdirsə Tofiq Yaqublu bu sadaladıqlarımızı görmür. Ondakı hakimiyyət düşmənçiliyinin artıq dövlət düşmənçiliyinə çevrildiyi özünü aşkar şəkildə biruzə verir.
Əks təqdirdə, Tofiq Yaqublu sosial şəbəkələrdə zəfərlərimizi və Ruben Vardanyanın həbsinə dair görüntüləri paylaşmaq yerinə, absurd fikirlər yazmazdı.
Onun işlətdiyi ifadələr isə belədir:
“Çox üzücüdür ki, Azərbaycan öz torpaqlarını Putinin Paşinyanı devirmək planının icrası nəticəsində azad edir”.
Gördüyünüz kimi, ağlı başında olan şəxs tarix qələbənin yaşandığı bir zamanda belə mənasız rəylər yazmaz. Tofiq Yaqublu reallığı əks etdirməyən fikirlər yazmaqla manipulyasiya etməyə cəhd edir, amma heç kim onun cəfəng sözlərinə əhəmiyyət vermir.
Hər şeydən əvvəl bu, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Biz bu zəfərlərə nail olmaq üçün daha ötən həftə keçirilən lokal antiterror tədbirlərində sadəcə 24 saat ərzində separatçıların kökünü kəsdik. Bu yolda 192 qəhrəmanımız öz canından keçərək, şəhid oldu.
Görəsən, Tofiq Yaqublu bunları görmür? O, nə üçün tarixi zəfərimizin üzərinə kölgə salmağa və qarayaxma kampaniyalarına cəhd edir?
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Tofiq Yaqublu heç bir zaman ciddi insan kimi qəbul olunmayıb:
“Təəssüf ki, Azərbaycandakı demokratik mühitdən istifadə edən bu tip insanlar siyasət meydanlarındadırlar. Onların bu mövqeyi dövlətimizə, millətimizə arxadan zərbədir və şəhidlərimizin axıdılan qanına təhqirdir. Həmçinin, onların bu yanaşması şəhidlərimizin vətənin azadlığı uğrunda canlarını fəda etmələrinə xəyanətdir.
Tofiq Yaqublunun bu fikirləri bir daha sübut edir ki, onların xəmiri xəyanətlə yoğrulub. Bu tip antimilli mövqedə yalnız damarında Azərbaycan qanı axmayan şəxs çıxış edə bilər. Hesab edirəm ki, bu, bir daha onların necə antimilli təfəkkürə və mövqeyə sahib olduqlarının öz dillərindən ifadəsidir”.
Partiya sədri vurğulayıb ki, Tofiq Yaqublunun mövqeyi millətə xəyanətdir:
“Sən belə sözləri necə yaza bilərsən? Azərbaycan 3 mindən artıq şəhid verərək, öz ərazi bütövlüyünü bərpa edib. Heç kimə məcməyidə qələbə verilməyib. Azərbaycan xalqı haqqı olan qələbəni, zəfəri yaşayır.
Qan tökərək, minlərlə oğlumuz canını fəda edib, şəhidlik zirvəsinə yüksəlib və minlərlə valideyn öz balasını itirmək bahasına belə ölkəsinin ərazi bütövlüyünün bərpasında “Vətən sağ olsun!” deyib. Amma bir ailə üzvünü şəhid verməmiş, heç bir ailə üzvü qazi olmamış bu tip "siyasətçilər” indi belə mövqe nümayiş etdirirlər.
Sən kimsən ki, millətimin apardığı haqq mübarizəsinə, bir xalqın zəfərinə kölgə salmağa cəhd göstərirsən? Hesab edirəm ki, şəhid ailələri bu ağzı köpüklənə-köpüklənə danışan, ağıldan yoxsul şəxsə yerinə göstərməlidir.
Hər bir şeyin həddi var. Tofiq Yaqublunun timsalında azğınlaşmaq artıq bütün hədləri və mənəvi sərhədləri də aşıb. Mənəviyyatdan yoxsul olan bu şəxsin artıq Azərbaycan sözünü dilə gətirməyə belə haqqı yoxdur”.
Elmir
Cebhe.info