Paşinyan Tovio Klaara da yalan danışdı

Paşinyan Tovio Klaara da yalan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Görüşdə Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin də iştirak edib.

Cebhe.info xəbər verir ki, tərəflər regiondakı vəziyyətə, eləcə də Ermənistan-Aİ əməkdaşlığı məsələlərinə toxunublar. “Ermənistan-Azərbaycan sərhədində Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsinin vacibliyi qeyd edilib ki, bu da regionda sabitlik və təhlükəsizliyə töhfə verir”, - deyə erməni mətbuatı görüş barədə yazıb.

Paşinyan Qarabağda vəziyyətin hər gün gərginləşdiyini, məktəb və uşaq bağçalarının fəaliyyət göstərmədiyini, tibb müəssisələrinin dərmana ehtiyacı olduğunu və ciddi problemlərlə üzləşdiyini iddia edib.

Klaar “Laçın dəhlizinin bağlanmasından” narahatlığını bildirib və onun maneəsiz işləməsinin zəruriliyini qeyd edib, Aİ-nin regional sabitlik və sülhdə maraqlı olduğunu və bu problemin həllinə bundan sonra da töhfə verəcəyini vurğulayıb.

Tərəflər Aİ-nin yeni missiyasının yerləşdirilməsi prosesi, eləcə də Ermənistanda institusional islahatlar sahəsində birgə proqramlar barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, dekabrın 12-də bir qrup azərbaycanlı ekofəal Laçın-Xankəndi yolunda aksiya keçirir. Onlar Azərbaycanın təbii sərvətlərinin qanunsuz talanmasına etiraz edirlər.

Aksiyaya baxmayaraq, yolda sülhməramlıların və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri maneəsiz hərəkət edir. Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub. Buna görə də ermən tərəfinin iddia etdiyi kimi hansısa “böhrandan” danışmaq yersizdir.

Xəzər
Cebhe.info