Paşinyan üçün kritik 3 gün

Paşinyan üçün kritik 3 gün

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də baş tutacaq andiçmə mərasimində iştirak etməyəcək.

Ermənistanın “MediaHub” portalının məlumatına görə, hazırda Paşinyanın sözügedən tədbirə getməməsi qərara alınıb. Məlumatda qeyd olunur ki, mahiyyət etibarilə Ermənistan Rusiyadan tərəfdaş olaraq narazıdır. Portal bildirib ki, Nikol Paşinyan yalnız mayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak edəcək. 

Lakin Paşinyan 9 may - Qələbə Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak etməyəcək. Paşinyanın addımlarından belə görünür ki, İrəvan Rusiya ilə bütün ipləri kəsmək niyyətindədir. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanla sülh sazişi imzalanacağı təqdirdə Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk etməsi və Gümrüdəki 102-ci rus hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldıracaq. 

Politoloq Xəqani Cəfərli “Cebhe.info”- ya şərhində qeyd edib ki, Rusiyanın postsovet məkanında geosiyasi təsir imkanları azalmağa doğru gedir:

“Ermənistanın hazırki xarici siyasət kursu postsovet məkanında baş verən proseslərin tərkib hissəsidir. Paşinyan hakimiyyəti Ermənistanı Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatından (KTMT ) çıxarmaq niyyətindədir. Onu da vurğulayım ki, KTMT təşkilat olaraq dağılma ərəfəsindədir. Bu, təkcə İkinci Qarabağ müharibəsinin nəticəsindən yox, həmçinin postsovet məkanında yaşanan siyasi proseslərdən irəli gəlir. Hazırda Rusiyanın Ermənistan, Moldova, Qazaxıstan və Tacikistanla münasibətlərində gərginlik yaşanır. Rusiya istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiyada təsir imkanlarını itirir. İrəvan, Kişinyov, Astana və Düşənbənin Moskvaya münasibəti bunu sübut edir. Hər bir postsovet ölkəsi müstəqil xarici siyasət yürütmək qərarına gəlib. Buna görə də hazırda Paşinyan hakimiyyətinin atdığı addımlar bu kontekstdə dəyərləndirilməlidir”. 

O ki qaldı Azərbaycanla sülh sazişi imzalandıqdan sonra İrəvanın KTMT-ni tərk etməsi və rus qoşunlarının Ermənistandan çıxarılması məsələsinə, ekspert düşünür ki, bu, zamanında baş tutacaq:

“Artıq Moskva Tacikistanda hərbi bazasının heyətini azaltmağa başlayıb. Demək olar ki, Tacikistandakı rus hərbi bazasının heyəti 55-60 % azalıb. Ona görə ki, Moskvanın Ukrayna cəbhəsində canlı qüvvəyə və hərbi texnikaya ehtiyacı var. Ermənistanda da bu kimi halların yaşanmasına şahidi olacağıq. Belə demək mümkünsə, Moskva Tacikistan, Ermənistan və digər postsovet ölkələrində hərbi baza saxlamaq marağında deyil”. 

Yunis Abdullayev
“Cebhe.info”