Paşinyanı göndərirlər? - “Bu əngəli də keçə biləcək”

Paşinyanı göndərirlər? - “Bu əngəli də keçə biləcək”

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Baş nazir Nikol Paşinyanı hakimiyyətdən göndərmək üçün yol göstərib.

O, bunun üçün etimadsızlıq səsverməsi keçirilməsini təklif edib:

“Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və əlçatan yolu ona etimad göstərməməkdir”.

Onu da qeyd edək ki, ötən gün İrəvanda qondarma “soyqırımı qurbanları”na həsr olunan məşəl yürüşü keçirilib. Yürüşdə iştirak edən revanşistlər Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Sözügedən mitinqdə Sarkisyan da iştirak edib. 

Görünür, Ermənistanda Paşinyana qarşı olan revanşistlərin sayı artmaqdadır. Belə davam etsə, Paşinyan hakimiyyətdən gedə bilərmi və bu, sülh danışıqlarına necə ziyan vurar? 

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan layihə dövləti olduğu və müstəqil siyasət aparmadığı üçün həmişə onun rəhbərləri həmin ölkənin havadarlarının, “ağa”larının əmrlərini yerinə yetirməklə məşğul olublar:

“Nikol Paşinyandan öncə iki hərbi cinayətkar uzun müddət Ermənistana rəhbərlik etdi. Yəni Serj Sarkisyan və Robert Köçəryan hakimiyyət illərində Rusiyanın diqtəsi ilə hərəkət edirdilər. Nəticə etibarilə, Ermənistanın hansı vəziyyətə düşdüyü hamıya məlumdur. Paşinyan isə təbii olaraq başqa xətlə hakimiyyətə gəldi. Onu iqtidara gətirən qüvvələr Rusiyaya bağlı deyil. Üstəlik, Paşinyanın həm Sarkisyana, həm də Köçəryana nifrəti var. Hətta erməni cəmiyyəti də onlara nifrət edir. Çünki onların hakimiyyəti dövründə “Qarabağ klanı” ölkəyə bütün sahələrdə rəhbərlik edirdi. Onlar yalnız ölkəni talamaq və dağıtmaqla məşğul oldular. Sarkisyan və Köçəryanın topladığı “çirkli pullar” hesabına ailələri lüks həyat yaşayırlar. Üstəlik, onlar işğal etdikləri Azərbaycan torpaqlarının da sərvətlərini oğurlayırdılar”. 

Millət vəkili diqqətə çatdırıb ki, Sarkisyan və Köçəryan kimi cinayətkarlar bu gün özlərini siyasi müxalifət adlandıraraq Paşinyana qarşı “səlib yürüşü”nə başlayıblar:

“Hərçənd ki, uzun illərdir buna nail ola bilməyiblər. Çünki sosial sifariş yoxdur, insanlar Paşinyanı sevməsələr də, Köçəryan və Sarkisyanın əvəzinə onu seçirlər. İndi isə Sarkisyan xalqı itaətsizliyə çağırır və Paşinyanı hakimiyyətdən göndərmək üçün etimadsızlıq səsverməsi keçirilməsini təklif edir. Əlbəttə ki, revanşist qüvvələrin başqa çıxış yolu yoxdur. Çünki bilirlər ki, siyasətdən getsələr, onların aqibəti uzunmüddətli həbs olacaq. Onlar siyasi iddialarını saxlamaqla bir növ immunitet qazanmaq istəyirlər”. 

Vüqar İskəndərov onu da əlavə edib ki, revanşistlərin Azərbaycanın və Türkiyənin bayrağını yandırması da Sarkisyan-Köçəryan cütlüyünün terrorçu qrupların yanında olduğunu göstərir:

“Düşünürəm ki, Nikol Paşinyan bu əngəli də keçə biləcək. Çünki o, xalqın böyük əksəriyyətinin dəstəyinə sahib olduğunu bilir. Ona görə də bu mərhələləri keçə bilir. Xalq Sarkisyan və Köçəryan kimi revanşist radikallara qarşıdır və Paşinyanı islahatçı kimi gördükləri üçün onu dəstəkləyirlər. Bu səbəbdən də Paşinyan qarşıya qoyulan məqsədlərə qismən də olsa nail ola bilir. Hələlik Ermənistanın Baş naziri Qərb tərəfindən də dəstəklənir. Onu dəstəkləyən kütlənin revanşistlərlə müqayisədə çox olduğu da görünür. Hesab edirəm ki, Nikol Paşinyan hələ öz hakimiyyətini qoruya biləcək”. 

Elmir Mustafa 
“Cebhe.info”