Ermənistan parlamenti Azərbaycan əleyhinə layihəni gündəliyə salmadı: Paşinyanın partiyasından “jest”

Ermənistan parlamenti Azərbaycan əleyhinə layihəni gündəliyə salmadı: Paşinyanın partiyasından “jest”

Laçın-Xankəndi yolu ilə bağlı bəyanat layihəsi Ermənistan Milli Assambleyasının gündəliyinə daxil edilməyib.

Cebhe.info xəbər verir ki, Ermənistan Milli Assambleyasının Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiyanın pisləməsi ilə bağlı bəyanat layihəsi parlamentin martın 21-də başlayan növbəti dördgünlük iclasının gündəliyinə salınmayıb.

Yerli mətbuat yazır ki, parlamentin Xarici Əlaqələr Daimi Komissiyası hakim “Vətəndaş sazişi” Partiyasından olan deputatların səyləri ilə əvvəllər bu layihə üzrə səsvermədə bitərəf qalmağa üstünlük verib. Bunu isə Milli Assambleyanın artıq müvafiq bəyanatlar və qiymətləndirmələr qəbul etməsi ilə əsaslandırıb.

Layihənin orijinal mətni dekabrda hazırlanıb, lakin səsvermə təxirə salınıb. “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının deputatı Andranik Tevanyan deyib ki, Laçın dəhlizi ətrafında vəziyyət bir qədər dəyişdiyi üçün müxalifət layihəni redaktə edib.

Deputatın iddiasına görə, Laçın dəhlizi Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Praqada razılaşmadan sonra bağlanıb. Müxalifətçi əmindir ki, Azərbaycanın əlində bir növ kart-blanş var: “Nikol Paşinyan faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı”.

Öz növbəsində hakim “Vətəndaş sazişi” Partiyasının parlament fraksiyasının deputatı Mariya Karapetyan qeyd edib ki, Ermənistan Milli Assambleyası artıq Laçın dəhlizi ilə bağlı bəyanat qəbul edib. Bu, ötən il dekabrın 14-də olub:

“Biz “Ermənistan” müxalifət blokunun parlament fraksiyasına bu layihənin mətnini müzakirə etmək təklifi ilə müraciət etmişik, lakin tərəflər razılığa gələ bilmədilər”.

Xəzər
Cebhe.info