Putinin planları “daşa dəyib”

Son zamanlar Rusiyada Azərbaycan vətəndaşlarına qarşı ayrı-seçkilik və zorakılıq cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Baş verən hadisələr iki ölkə arasında münasibətlərin sarsıldığını göstərir. Bir çox müşahidəçilər bu gedişatı Moskvanın keçmiş imperial ambisiyalarına bağlayırlar.
“Cebheinfo.az”-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bu gərginliyin daha açıq müstəviyə keçəcəyini düşünmədiyini bildirib.
Onun sözlərinə görə, bu, vaxtaşırı olaraq Rusiyada, onun hər bir fərdinin daxilində oyanan imperiya istəkləridir:
“Vaxtaşırı olaraq Rusiyada, onun hər bir fərdinin daxilində imperiya istəkləri baş qaldırır. Bu istəklər hər 10-20 ildən bir yenidən oyanır.
Öz ərazilərini genişləndirmək və digər xalqları tabeliyinə keçirmək üçün belə fikirlərə, fəaliyyətlərə baş vurur. Hazırda Ukrayna ilə bağlı istədikləri hələ alınmayıb və alınmayacaq. Bu planları “daşa dəyib”.
Bundan əvvəl Rusiya Qazaxıstanı da təhdid etmişdi. Lakin Qazaxıstan müəyyən diplomatik manevrlərlə bu qarşıdurmanı yumşaltmağı bacardı. İndi isə Rusiya tamamilə aqressiv formada Azərbaycana qarşı yönəlib”.
Qabil Hüseynli qeyd edib ki, Rusiya fövqəldövlət olmaq istəyir:
“Ümumiyyətlə, dövlətlərin əsas istəklərinin başında ərazilərini genişləndirmək, fövqəldövlətə çevrilmək və digər ölkələr üzərində təsir sahibi olmaqdır. Beləliklə, qlobal siyasətdə və dünya nizamının formalaşmasında, birinci olmasa da, əhəmiyyətli mövqeyə sahib olmaq istəyirlər. Rusiya da məhz bu məqsədlə hərəkət edir və fövqəldövlət olmaq istəyir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”