Qafqazda gözlənilən kritik görüş: Putin nədən narahatdır?

Qafqazda gözlənilən kritik görüş: Putin nədən narahatdır?

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Azərbaycana baş tutacaq rəsmi səfərinin məqsədini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb:

“Bu istiqamətdə əməkdaşlıq davam etməlidir. Hər iki ölkə arasında münasibətlər çoxşaxəlidir. Həm diplomatik-siyasi, həm iqtisadi-ticarət, nəqliyyat və enerji, həm də mədəni-humanitar sahələrdə çox güclü əməkdaşlıq qurulub və bu əməkdaşlıq getdiqcə daha da inkişaf edir. 

O ki qaldı Vladimir Putinin Azərbaycana səfərinin mahiyyətinə, bu, bir neçə məqsədə söykənir. Bildirim ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bir neçə dəfə Rusiyaya səfər edib. İndi isə Prezident Vladimir Putinin Azərbaycana səfəri gözlənilir.

Təbii ki, Prezident Vladimir Putinin səfər gündəliyində ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı Cənubi Qafqazda hazırkı proseslər və Qərbin bu regionda proseslərə müdaxilə cəhdləri, o cümlədən ABŞ-Ermənistan münasibətləri, xüsusilə ABŞ Silahlı Qüvvələrinin Ermənistanda yerləşməsi və Ermənistanın Qərb tərəfindən silahlandırılması ilə bağlı məsələlər prioritet təşkil edir. 

Sözsüz ki, Prezident İlham Əliyev ilə Vladimir Putin arasında keçiriləcək ikitərəfli görüşdə əsasən Azərbaycan-Ermənistan münasibətləri və bir sıra regional məsələlər müzakirə olunacaq. Bundan başqa, görüşdə qlobal məsələlər, xüsusilə İran-İsrail gərginliyinə də toxunalacaq. 

Qeyd edim ki, Azərbaycanın həm İran, həm də İsrail ilə yüksək səviyyədə münasibətləri var. Yəni Moskva İran ilə İsrail arasında gərginliyin yumşalması üçün Azərbaycanın imkanlarından istifadə edə bilər.

Hesab edirəm ki, hər iki dövlət rəhbəri “Orta Dəhliz” və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı məsələləri müzakirə ediləcək.  Nəzərə alaq ki, “Orta Dəhlizə” ən çox maraq göstərən dövlətlərdən biri Çin Xalq Respublikasıdır.

Rusiya isə Çinin strateji müttəfiqidir. Buna görə də Pekin Moskvanın bu dəhlizə marağını artıra bilər. İki ölkə arasında enerji sahəsində münasibətlərin genişlənməsi də nəzərdən keçirilə bilər”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”