“Qardaş yumruğu” həm dostlara, həm düşmənlərə mesaj oldu” -Partiya sədri

“Qardaş yumruğu” həm dostlara, həm düşmənlərə mesaj oldu” -Partiya sədri

Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi “Qardaş yumruğu” adlı hərbi təlimi gündəmin əsas mövzuları sırasındadır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirilib. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilib. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. “Qardaş yumruğu” birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar da icra edilib.

Təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib. Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirilib.

Dekabrın 6-da isə təlimdə iştirak edən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyətlə görüşdə çıxış etdilər. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.

Qeyd edək ki, Azərbaycan və Türkiyə ordularının birgə hərbi təlim keçirməsi bir çox aspektdən öz əhəmiyyəti ilə xüsusi önəm kəsb edirdi. Bu təlim öz adı ilə belə düşmənlərə gözdağı idi. Heç şübhəsiz “Qardaş yumruğu” adı da elə-belə seçilməyib. Bu, bir daha Azərbaycan və Türkiyəyə qarşı düşmən siyasət yürüdən qüvvələrə verilən mesaj idi.

Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə xalqı kimi, orduları da hər zaman yumruqdur. Xüsusilə, İranla sərhəd bölgəsində keçirilən hərbi təlimlər Azərbaycanı təhdid etməyə çalışanlara qarşı verilən ən möhtəşəm cavablardan idi.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, qardaş Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır:

“Bu, sözün əsl mənasında dünyada analoqu olmayan iki dövlətin birliyi, qardaşlığı və dostluğudur. Biz 44 günlük Vətən müharibəsində də, ondan əvvəl və sonrakı dönəmdə də konkret olaraq gördük ki, dostumuz, düşmənimiz kimdir. Hər zaman olduğu kimi dostumuz və qardaşımız olan Türkiyə indi də yanımızdadır. Bu münasibətlər zaman-zaman müxtəlif sənədlərlə də rəsmiləşdirilib. Müharibədən sonra Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi də bunaqədərki münasibətləri, gələcəkdə hər iki dövləti gözləyə biləcək təhlükələr və yüksəlişlərlə bağlı atılacaq birgə addımları əhatə edən sənəddir. Həmin Bəyannamədə hər iki dövlətin təhlükəsizliyini birgə qorumaq, hərbi təlimlərin keçirilməsi və beynəlxalq siyasətdə birlikdə fəaliyyət göstərməsi və digər məsələlər də ehtiva olunur. Bu çərçivədə artıq neçənci dəfədir ki, Azərbaycan və Türkiyə ərazisində birgə hərbi təlimlər keçirilir”.

Partiya sədri vurğulayıb ki, tarixi hadisələrə şahidlik edirik:

“Prezident İlham Əliyev müharibədən sonra birmənalı elan etdi ki, Azərbaycan Ordusunun Türkiyə Ordusu modelində yenidən formalaşdırmasına başlanılıb və bu proses davamlı olacaq. Biz 44 günlük Vətən müharibəsində bunun uğurlu nəticəsini də gördük. Yəni bu modellə formalaşan Azərbaycan Ordusu qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edərək, böyük bir qələbə əldə etdi. Təbii ki, bu, olduqca sevindirici prosesdir. Biz bunu təqdir edir və alqışlayırıq. Bu, həm Azərbaycana, həm də Türkiyəyə əlavə nəfəs verir. Həmçinin, bunun dostlara və düşmənlərə çox ciddi mesaj olduğunu da qeyd etmək lazımdır. Yəni Azərbaycan və Türkiyə bir yerdədir. Gələcəkdə də Azərbaycan Ordusu Türkiyə Ordusu ilə birlikdə istənilən təhlükənin qarşısını almağa qadirdir”.

Elmir
Cebhe.info