Razi Nurullayev Milli Şuranın keçirəcəyi mitinqə münasibət bildirdi

Razi Nurullayev Milli Şuranın keçirəcəyi mitinqə münasibət bildirdi

Milli Şura 21 aprel tarixinə mitinq təyin edib.

Bununla bağlı elanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli çıxış etdiyi efirlərin birində səsləndirib.

Mitinqlə bağlı aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini bildirib. Hələlik aidiyyəti qurum tərəfindən Milli Şuraya rəsmi cavab verilməyib.

Ümumi olaraq isə mintinq elanına münasibət də cəmiyyətdə birmənalı deyil. Hazırkı məqamda mitinq keçirmək üçün uğurlu zaman olmadığı ilə bağlı çoxsaylı fikirlər səslənir. Eyni zamanda, bu cür cəhdlərin heç bir halda effektli olmayacağı da çox səslənən fikirlər arasındadır.

Milli Şurasının mitinq qərarı ilə bağlı “Cebhe.info”-ya danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, mitinq keçirmək, etiraz etmək hər bir təşkilatın, vətəndaşın konstitusiyon hüququdur:

“Mitinq üçün ilk növbədə cəmiyyətin sosial sifarişini görmək lazımdır. Bu gün biz cəmiyyətdə mitinq abu-havasını görmürük. Ona görə də hamının meydana çıxacağına, etiraza qalxacağına ümid etmək, buna ruhlanmaq mümkün deyil.

Konkret olaraq bu gün mitinq üçün sosial sifariş yoxdur. Hesab edirik ki, mitinq üçün seçilən dövr və zaman uyğunsuzdur. Belə bir qərarın birdən-birə verilməsi də bir çox suallar yaradır. Bir günün içində bir partiya və ya təşkilat mitinq keçirmək qərarı verirsə, bunun altında başqa maraqların olduğu görüntüsünü də bərabərində formalaşdırmış olur. 

Ola bilər ki, daxili müzakirələr keçirilib və bunlar gizli saxlanılıb, amma bu da indiki dövrdə belə bir qərarın düzgün olduğunu deməyə əsas vermir”.

Deputat əlavə olaraq bildirib ki, mitinq qərarı hazırda regionda baş verən məsələlərin də fonunda doğru deyil:

“Hazırda regionda çox ciddi proseslər gedir. Bu gün cənubdan, şimaldan Azərbaycanın maraqlarına uyğun olmayan addımları, eyni zamanda Qərbin, konkret desək Avropa İttifaqının, Fransanın, Amerika Birləşmiş Ştatlarının Qarabağla bağlı Azərbaycanın üzərinə gəlməsi hallarını görürük. 

Elə sonuncu 5 apreldə Brüsseldə keçirilən Azərbaycan əleyhinə görüşü misal çəkmək kifayət edər ki, regionla bağlı narahıtlıqların nə dərəcədə ciddi olduğunu görmək mümkün olsun. Belə bir halda ölkədə sabitliyin pozulmasına çalışmaq doğru yanaşma olmaz. 

Bu baxımdan biz Azərbaycanın stabil olmasında maraqlıyıq. Bu, çox vacib amildir. Nəzərə almaq lazımdır ki, Qarabağın işğaldan azad olunmasında ən vacib məqamlardan biri də məhz ölkədəki sabitlik və vahid birlik idi, bu məsələnin nə dərəcədə vacib olduğu bəlli olur. Biz düşünürük ki, bu gün də o sabitliyə, vahid birliyə ehtiyac var. Ona görə də bu cür kütləvi tədbirlərdən kənarda qalmağın tərəfdarıyıq”.

Razi Nurullayev sonda vurğulayıb ki, əslində indiki məqamda mitinq keçirilməsinə icazə verilməyəci bəllidir:

“Bakı Şəhər İcra Hakimiyyətinin bu mintiqin keçirilməsinə icazə verməsi mümkün görünmür. Səbəbləri fikrimin əvvəlində açıqladığım üçün təkrar etmək istəmirəm. İndiki məqamda mitinq keçirmək hüquqi baxımdan doğru olsa da, cəmiyyətdə bu istəyin olmadığını nəzərə alsaq, bu, sadəcə nəticəsiz fəaliyyətdən başqa bir şey olmayacaq. Bildirim ki, belə bir halda mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil. Çünki belə çıxır ki, bu mitinq sadəcə xalqın etirazı və maraqları üçün nəzərdə tutulmayıb, bunun üzərinə başqa siyasi oyunlar qurulur”.

Vilayət Muxtar
“Cebhe.info”