“Rusiya və Qərb Cənubi Qafqazda bu hadisədən ehtiyatlanır” - ŞƏRH

“Rusiya və Qərb Cənubi Qafqazda bu hadisədən ehtiyatlanır” - ŞƏRH

“Ermənistan tərəfi mümkün qədər prosesi uzatmaq niyyətindən əl çəkməyib. Azərbaycan isə sülhü 30 il daha gözləmək niyyətində deyil”.

Bunu Ermənistanın 1975-ci il xəritələri ilə delimitasiyaya razılaşmasının sülh müqaviləsinin imzalanması prosesinə təsirindən danışan "Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hazırkı reallıq Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığını göstərir:

“Azərbaycan istər Rusiya, istərsə Qərb üçün stratejik əhəmiyyətli partnyordur. Bu səbəbdən heç bir tərəf Ermənistanın cığallığı hesabına əsas partnyorunu itirmək istəmir.

Eyni zamanda hər iki tərəf Azərbaycana təzyiq də etmək istəyir. Amma bunun mümkün olmadığının fərqindədirlər. Azərbaycanı hər hansı güzəştə məcbur etmək mümkün deyil. Çünki biz həm də müharibənin qalibiyik. Bu səbəblərdən sülhdə maraqlı tərəflər Ermənistana prosesi uzatmağın mənasızlığını başa salmağa cəhd göstərirlər. Hər iki tərəf sülh prosesininin iştirakçısı olaraq divident götürmək istəyir. Bizə isə sülh prosesinin yekunlaşması maraqlıdır. Bununla nail olacağımız çox ciddi məqamlar var. Onlardan biri Qarabağ məsələsinin dünya gündəmindən tamamilə çıxması, başqa bir məqam Rusiya sülhməramlılarının mandatları bitən kimi ərazilərimizi tərk etməsidir.

Kişineu görüşündə sülh prosesinə doğru müəyyən müzakirələr aparılması və danışıqların yeni raundunun keçirilməsi ilə bağlı razılaşmalar müsbət haldır. Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, kommunikasiyaların açılması ilə razılaşır. Sərhədlərin 1975-ci il xəritəsinə əsasən delimitasiyasının aparılması ilə razılaşmaq həm də o deməkdir ki, hazırda Ermənistanın nəzarətində olan anklavlar da geri qaytarılacaq.

Prosesin bu yöndə davam etməsi nikbinliyə əsas verir. Ancaq onu da unutmayaq ki, Ermənistan tərəfi prosesi mümkün qədər uzatmaq niyyətindən əl çəkməyib. Azərbaycan isə sülhü 30 il daha gözləmək niyyətində deyil. Bunu dövlət rəsmiləri də aşkar söyləyirlər. Ya təkbaşına, ya da müxtəlif tərəflərin də iştirakı ilə Azərbaycanın Ermənistana diqtə etdiyi sülh müqaviləsi olacaq. Birinci halda sakitliklə, qansız-qadasız sülh arzu olunandır. İkinci halda isə 44 gündə yaşadıqlarını bir daha yaşayacaqlar. Əslində, Qərb də, Rusiya da ikinci variantın baş verməsindən ehtiyatlanır. O zaman biz artıq 1975-ci il deyil, 1918-ci il xəritələrini şərt kimi irəli sürə bilərik.

Hazırda Brüssel görüşü ilə bağlı anons verilib. Hesab edirəm ki, o zamana kimi kommunikasiyaların açılması və delimitasiya ilə bağlı bir sıra detallar razılaşdırılacaq. Bununla belə, Rusiya prosesdən kənarda qalmaq istəməyəcək və müəyyən vasitələrlə prosesi uzatmağa, özünün iştirakını təmin etməyə cəhd edəcək. Amma Qərb bu məsələdə Ermənistanın Rusiyanın diqtəsi ilə hərəkət etməsinin qarşısını almağa çalışacaq”.

Cebhe.info