Sabiq səfir: “Sülh müqaviləsi Ankarada imzalanarsa...” - MÜSAHİBƏ

Sabiq səfir: “Sülh müqaviləsi Ankarada imzalanarsa...” - MÜSAHİBƏ

“Bizlə dost olanlar bundan qazanclı çıxarlar, düşmən olanlar isə 44 günlük Vətən müharibəsinə və 1 sutkalıq antiterror əməliyyatına baxsınlar”.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “Cümhuriyət”-ə müsahibəsində deyib. Müsahibəni təqdim edirik:

-Türkiyə-Azərbaycan münasibətləri inkişaf edir. Hətta bu, dünyada bənzəri görülməmiş qardaşlıq nümunəsidir. Sizcə, Azərbaycanla Türkiyə arasında başqa hansı birgə addımlar atıla bilər?

-Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur. Heç bir ölkələrin əlaqələri Azərbaycanla Türkiyə münasibətlərinə bənzəmir. 1993-cü ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinin ardından rəsmi Ankara İrəvanla diplomatik münasibətlərini dayandırıb və Ermənistanla sərhədlərini bağlayıb. Dünyada üçüncü bir ölkəyə görə sərhədlərini bağlayan başqa bir ölkə yoxdur. Artıq 30 ildən çoxdur ki, Türkiyə ilə Ermənistan sərhədləri bağlıdır, diplomatik münasibətləri də yoxdur. Amma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Türkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq. Bu nümunədən belə Türkiyənin Azərbaycana nə qədər önəm verdiyini görə bilərik. 

Bu münasibətlər durmadan inkişaf edir. 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi çox böyük strateji əhəmiyyətə malikdir. Tərəflər arasındakı münasibətlər illər keçdikcə daha da inkişaf edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyənin orduları da bir-birinə bənzəyir. Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan Ordusunu Türkiyə Ordusunun kiçik bir modeli edəcəyini demişdi və dediyini etdi. 44 günlük Vətən müharibəsi və ötən ilin 19 sentyabr tarixində keçirilən antiterror əməliyyatında da bunun uğurunu gördük.

İki ölkə arasındakı ticarət əlaqələri də genişlənir. Təbii ki, iki qardaş ölkə arasındakı mükəmməl münasibətlər daha da irəli gedəcək. Bəlkə də gələcəkdə Azərbaycanla Türkiyə arasında birgə diaspor mərkəzi qurula bilər. Hətta Prezident İlham Əliyev demişdi ki, bir millətin iki diasporu ola bilməz. Məncə də diasporlarımız birləşməlidir. Mən də bunun reallaşması üçün əlimdən nə gəlsə, etməyə hazıram.

- Türkiyə Almaniya və Fransa kimi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilər?

- Azərbaycan Ermənistanla sülh danışıqlarına Fransanın qatılmasını qətiyyən istəmir. Son görüşlərdə isə Almaniya vasitəçi missiyasını üzərinə götürüb. Almaniyanın Fransaya görə daha tərəfsiz olduğunu görürük. Türkiyənin isə danışıqlarda vasitəçi olmasını Ermənistan qəbul etməlidir. Ümumiyyətlə, Azərbaycan sülh danışıqlarına kənar deyil, qonşu ölkələrin qatılmasını arzu edir. Bu da çox doğru bir mövqedir. Fransa və ABŞ-nin burada işi olmamalıdır. Onlar bölgəni tanımayan ölkələrdir. Ona görə də regiondan kənardakı ölkələrin sülh danışıqlarında iştirakı doğru deyil. Hər iki tərəf qəbul edəcəyi təqdirdə, Türkiyə sülh danışıqlarında iştirak etməyə hazırdır.

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Türkiyədə imzalana bilər?

- Əlbəttə ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin Türkiyədə imzalanması arzuolunandır. Amma ehtimallar üzərindən fikir yürütmək də çətindir. Əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır, Gürcüstanda da imzalana bilər. Amma Türkiyədə imzalanması daha yaxşı olar. Çünki sözügedən müqavilə Ankarada imzalansa, Türkiyə Ermənistan münasibətləri də bu səbəblə normallaşacaq. Düşünürəm ki, sülh müqaviləsinin Türkiyədə imzalanması həm Azərbaycanın, həm də Türkiyənin xeyrinə olacaq. 

- Hazırda Almaniya və Fransanın sülh danışıqlarında vasitəçi olmaqla bağlı rəqabətini necə dəyərləndirirsiniz?

- Fransa onsuz da birtərəfli mövqe nümayiş etdirir. Rəsmi Parisin Ermənistana olan münasibəti və erməni dövləti kimi hərəkət etməsi hamıya məlumdur. Əlbəttə ki, bütün bunlar da Fransanın Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik hüququndan məhrum edir. Çünki Fransa çox açıq şəkildə ermənipərəst siyasət həyata keçirir. Ona görə də Almaniyanın danışıqlarda vasitəçilik etməsi daha məqbuldur. Almaniya proseslərə obyektiv yanaşacağına inanıram.

- Sizcə, Türk Dövlətləri Təşkilatı nə zaman böyük beynəlxalq təşkilatlara rəqib olacaq səviyyəyə gələcək?

-İstanbulda qurulan Türk Dövlətləri Təşkilatı 3 yaşında olmasına baxmayaraq, sürətli şəkildə inkişaf edir. Amma hansısa bir rəqabət iddiasında olduğunu düşünmürəm. Türk Dövlətləri Təşkilatının məqsədi üzv ölkələri arasında inteqrasiya və əməkdaşlığın olmasıdır. Ümumiyyətlə, bu təşkilat heç bir beynəlxalq təşkilatın rəqibi deyil. Türk Dövlətləri Təşkilatı hər il daha da inkişaf etməlidir. Hansı ki, çox da yaxşı gedir və davamlı olaraq zirvə görüşləri keçirilir. 

Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı qarşıdakı 3-5 ildə daha fərqli mövqeyə sahib olacaq. Bu, gələcəkdə türk dünyasında böyük iqtisadi gücə çevriləcək. Qardaş türk dövlətləri bir-biri ilə daha çox ticarət edəcəklər və xalqlar arasındakı inteqrasiya prosesi sürətlənəcək. Bizlə dost olanlar bundan qazanclı çıxarlar, düşmən olanlar isə 44 günlük Vətən müharibəsinə və 1 sutkalıq antiterror əməliyyatına baxsınlar. Biz düşmənçilik deyil, dostluq istəyirik. Türk Dövlətləri Təşkilatı bölgənin ən önəmli təşkilatıdır və planlı bir şəkildə inkişaf edir.

Elmir Mustafa
"Cebhe.info"