Səfirliyə terror hücumu: "3+3" formatının yerini "2+2" tutur?

Səfirliyə terror hücumu: "3+3" formatının yerini "2+2" tutur?

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun olmasından sonra digər məsələlər də gündəmə gəlib.

Belə ki, terror nəticəsində səfirliyin 1 əməkdaşı şəhid oldu, 2 nəfər isə yaralandı. Rəsmi Tehran isə yenə də anti-Azərbaycan mövqeyini nümayiş etdirdi.

İran səfirliyi qoruma öhdəliyini yerinə yetirmədiyi kimi məsələni başqa tərəfə də yönəltməyə cəhd etdi. Terrordan sadəcə saatlar keçdikdən sonra İranın dövlət kanalı terrorçudan müsahibə aldı.

Molla rejiminin bu hadisəni araşdırmayacağı yalandan məişət məsələsi kimi təqdim etmək cəhdlərindən də göründü. Reallıq budur ki, bu terrorun baş verməsi də elə İran dövlətinin son zamanlar ölkəmizə qarşı sərgilədiyi düşmən mövqeyinin təzahürüdür.

Bütün bunların fonunda İranla olacaq münasibətlər də yenidən gözdən keçirilməlidir. İranın bu hərəkətlərindən sonra bölgə üçün olduqca əhəmiyyətli olan “3+3” formatı da qüvvədən düşür.

Çünki İran qonşuluqda səmimi olmadığını hər fürsətdə biruzə verir. Məhz bu səbəbdən də rəsmi Tehran dinindən və məzhəbindən asılı olmayaraq, Azərbaycana düşmənçilik edən istənilən ölkənin ən yaxın dostu olur.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni kommunikasiyaların açılmasında bir neçə istiqamət vardı:

“Bu istiqamətdə “2+2” və “3+3” formatlar nəzərdən keçirilirdi. Burada hamının maraqlarının təmsil olunması qismində ən uğurlusu isə “3+3” formatıdır. Amma istər Azərbaycan, istərsə də region ölkələri üçün ən faydalısı məhz “2+2” formatıdır.

Əslində “3+3” formatı hamının maraqları təmsilçiliyi qismində daha stabil sülhün olması üçün vacib idi. Vətən müharibəsindən sonrakı dövrdə İran yeni kommunikasiyalarda bir neçə imtiyaz istədi və buna qismən nail oldu. Hətta layihələrdə hamının iştirakçılığını təmin etmək üçün rentabelliyi bizə o qədər də maraqlı olmayan layihələrə də start verdik.

Söhbət Türkmənistan-Azərbaycan-İran kommunikasiya layihəsindən gedir. İran Azərbaycana qarşı düşmənçilik siyasəti aparmasına baxmayaraq, iqtisadi, enerji və kommunikasiya layihələrində fərqli yanaşma sərgiləyirdi. Hərçənd ki, rəsmi Tehran Zəngəzur dəhlizi məsələsində başqa fikirlər danışırdı və bizə qarşı düşmənçilik edirdi”.

Politoloq vurğulayıb ki, İranın bu gün Ermənistanla birgə həyata keçirməyə start verdiyi layihələr regional və regionlararası aspektdən heç kim üçün maraqlı deyil:

“Çünki o həm İrandan gəlir, həm də Ermənistan orada vasitəçidir. Ermənistanın “Şimal-Cənub” dəhlizi çərçivəsində bundan öncə üzərinə götürdüyü öhdəliklərdən heç birini yerinə yetirməyib.

İrəvan istər Avropa Komissiyası və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində layihələrə maliyyə yardımı alsa da, öhdəliyini icra etməyib. Yəni İran və Ermənistanın operatorluğundakı yeni imkanlar dünya üçün maraqlı deyil. Çünki onlar, iqtisadi anlamda rentabeliyi yoxdur, siyasi və təhlükəsiz anlamımda isə güvənli layihələr deyillər”.

Elmir Mustafa
Cebhe.info