Sənəd parlamentə göndərildi: Ermənistan Putini həbs edə biləcək?

Sənəd parlamentə göndərildi: Ermənistan Putini həbs edə biləcək?

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsini ratifikasiya etmək üçün parlamentə göndərib.

Beynəlxalq hüquq üzrə erməni ekspert Ara Zakaryan bildirib ki, BCM müqaviləsinin ratifikasiyası Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbsinə səbəb ola bilər.

Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan hakimiyyətini putini tutub Haaqa tribunalına təhvil verməyə məcbur edəcək.

Ekspertlərin fikrincə, Ermənistanın bu addımı Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Rusiya Federasiyası Ermənistan məhkəməsinin qərarına dərhal reaksiya verib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın bu məsələni İrəvanla müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, MDB-yə daxil olan ölkələrdən indiyə qədər yalnız Tacikistan BCM-nin təsis müqaviləsinə qoşulub.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər Ermənistan parlamenti təsis müqaviləsini imzalasa, bu qərar Putinin həbsi ilə bağlı Ermənistanın üzərinə hüquqi öhdəliklər qoyur:

"Ancaq bunun həyata keçirilməsi Ermənistan üçün asan olmayacaq. Ermənistanın bu müqaviləyə qoşulması həm də Rusiyaya əzələ nümayişinə bənzəyir.

Digər tərəfdən, Paşinyan bu cür qərarları ilə Qərbə yaxınlaşmaq istəyir. Ermənistanın Baş naziri digər postsovet ölkələrindən fərqləndiyini Qərbə göstərmək istəyir. Paşinyan özünü Qərbin üsullarını qəbul edən lider kimi təqdim etməyə çalışır. Amma Paşinyan bununla yanaşı, Rusiya ilə münasibətlərdə problem yaşaya bilər. Çünki Paşinyan hakimiyyəti həqiqətən Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsinə qoşulsa, Putin Ermənistanda səfərdə olarkən Qərb ondan Rusiya Prezidentinin həbsini tələb edə bilər.

Əlbəttə, bunun reallaşdırması mümkün deyil. Sadəcəc olaraq, buna Rusiyanın reaksiyası maraq doğrurur. Rusiya bir tərəfədən özünü Paşinyana mənfi münasibət bəsləyən dövlət kimi göstərir, onun əleyhinə açıqlamalara verilir. O biri tərəfdən, başqa siyasi mənzərənin şahidi oluruq. Yəni Rusiya hərbi kontingenti Qarabağ separatçılarını silahlandırır. Buradan belə nəticəyə gəlmək olar ki, Rusiyanın Ermənistan hakimiyyəti ilə münasibətləri soyusa da, Qarabağdakı terrorçu rejimi dəstəkləməkdə davam edir. İndi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması Rusiyanın ciddi narazılığına səbəb olacaq. Ermənistan parlamentində səs çoxluğu Paşinyanın tərəfdarlarından ibarətdir. Bu isə təsis müqaviləsinin ratifikasiya olunacağından xəbər verir.

Əgər Paşinyan bu müqavilənin tərəfdarıdırsa, deməli parlament sənədi təsdiq edəcək. Ona görə də Putinin bundan sonra Ermənistana səfər edəcəyi inandırcı görünmür. Əgər parlament müqaviləni ratifikasiya etməsə, deməli, Paşinyan Qərblə "oyun oynayır".

Müşfiq Abdulla
Cebhe.info