Separatçıların sonu çatdı: Ordumuz bu əraziləri nəzarətə götürəcək

Azərbaycan Ordusu Qarabağın dağlıq ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi istiqamətində antiterror əməliyyatlarına başlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatlar nəticəsində qondarma quruma məxsus hərbi obyektlər sıradan çıxarılıb. Hazırda antiterror əməliyyatları davam etməkdədir.
Məhz Qarabağda antiterror əməliyyatların nə ilə bitəcəyi bir çoxlarında maraq doğurub.
Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya şərhində qeyd edib ki, Ordumuzun antiterror əməliyyatları yalnız dövlət rəhbərinin əmrinə əsasən bitəcək:
“Böyük ehtimalla, bu əməliyyatlarda erməni tərəfinin ağır texnikası, xüsusilə tankları, zirehlı maşınları, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eyni zamanda yanacaq və silah anbarları təmamilə məhv ediləcək.
Bundan sonra dövlət rəhbərinin əmrinə əsasən, antiterror əməliyyatlar dayanacaq. Bunun ardınca isə Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin tərkisilah olunmasını və ərazilərimizi tərk etməsini tələb edəcəyik.
Ola bilsin ki, antiterror əməliyyatları çərçivəsində Azərbaycan Ordusu Xankəndi və digər mühüm əraziləri nəzarətə götürsün. Xankəndini nəzarətə götürdükdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və polis qüvvələri həmin ərazidə xüsusi nəzarət postları qurcaqlar və təhlükəsizliyi təmin edəcəklər”.
Politoloq Rusiya və ABŞ-ın reaksiyasının Azərbaycan Ordusunun bölgədə antiterror əməliyyatlarına heç bir təsiri olmayacağını vurğulayıb:
“Artıq Qərbdə Azərbaycana qarşı tənqidi fikirlər səsləndirilir. Azərbaycandan əməliyyatların dayandırılmasını tələb edirlər. Halbuki 30 il ərzində Azərbaycanın torpaqları işğal altında qalanda Qərb heç səsini də çıxartmırdı.
Rusiyanın isə Qarabağda Azərbaycana qarşı addım atmağa imkanı yoxdur. Bildiyimiz kimi, Rusiyanın Qarabağda 2000-dən çox hərbçisi var. Onlar 50 minlik Azərbaycan Ordusunun əhatəsindədirlər. Belə olan halda rus hərbçiləri Azərbaycan Ordusunun qarşısını ala bilməzlər”.
Yunis Abdullayev
Cebhe.info