Siyasətçi ola bilməyənlərdən “siyasi məhbus” düzəltmək cəhdləri - Abutalıb Səmədov yazır

Siyasətçi ola bilməyənlərdən “siyasi məhbus” düzəltmək cəhdləri - Abutalıb Səmədov yazır

“Mən utanıram bəzən, utanıram deməyə (ki) mən partiya sədriyəm, mən siyasətçiyəm!”

Azərbaycan Yüksəliş partiyasının sədri Anar Əsədlinin böyük siyasi xadim ədasıyla, çox böyük iddia ilə dediyi bu sözlər təsadüfən qarşıma çıxdı.

Video kiçik olduğundan sona qədər baxdım və söylədikləri marağıma səbəb oldu.

Sözün düzü cəmi bir dəfə onunla debatda olmuşdum və o mənə siyasətdə təsadüfi adam təəssüratı bağışlamışdı.

Həmin debatda onun daha çox ümumi söz yığınından ibarət olan, heç bir fakta, informasiyaya söykənməyən “fikirlərini” dinləyərkən Azərbaycan siyasətinə “bilik sahibi olmadan fikir sahibi olmaq” istəyən iddialı bir gəncin gəldiyini düşünmüşdüm.

Bir dəfə də şəhərin otellərinin birində təşkil etdiyi “dəyirmi masa”ya getmişdim və onun xeyli xərc çəkib ərsəyə gətirdiyi tədbirdə çıxış edib heç nə deməməsinə təəccüblənmişdim.

Partiyalar bu cür tədbirləri özlərini və liderlərini təbliğ etmək, yüksək səviyyəsini nümayiş etdirmək üçün təşkil edirlər adətən.

Müzakirə konkret mövzu ətrafında olduğundan, ümumi söz yığını ilə baş girləməyin mümkünsüzlüyünü anladığından belə etdiyini düşünmüşdüm və onun barəsində siyasətdə “təsadüfi adam” qənaətim bir az da möhkəmlənmişdi.

Bütün bunlardan sonra Anar Əsədlinin böyük siyasi xadim ədası ilə “siyasətçiyəm deməyə utanıram”- bəyanatını verməsi məndə ona qarşı maraq oyatmaya bilməzdi.

Bəlkə doğrudan da Azərbaycan siyasətinə yeni nəfəs gətirəcək nəhəng bir siyasətçi gəlib və biz onunla eyni vaxtda yaşamağın nə qədər böyük “xoşbəxtlik” olduğunu hələ anlaya bilməmişik?

Bəlkə onun xarizmasından, savadından, natiqliyindən çəkinən müəyyən adamlar Anar Əsədlinin həbsinə nail ola biliblər və partiyadaşları məhz bu səbəbdən onu “siyasi məhbus” adlandırır və dünyada tanınmış siyasi xadimlərə bənzədirlər?

Bütün bu suallara cavab tapmaq üçün onun çıxışlarını izləmək və haqqını təslim etmək qərarına gəldim.

Ancaq cəmi bir videosunu-“Pressklub”tv-də bir neçə ay əvvəl dediklərini diqqətlə izlədikdən sonra digər çıxışlara baxmağa heç bir marağım qalmadı və anladım ki, vəziyyət mənim düşündüyümdən də bərbad imiş.

Anladım ki, qarşımda oxumağı, öyrənməyi bacarmayan və sevməyən, ancaq özünü xalqa nəyin bahasına olursa-olsun “dərin biliklərə”malik adam kimi sırımağa çalışan, xalqa “kələk gəlmək” istəyən bir insan əyləşib və heç bir məsuliyyət hiss etmədən minimum anlayışa belə malik olmadığı məsələlərdən ağlına gələni danışmaqdan qətiyyən çəkinmir.

Mənimlə debat zamanı ondan diqqətə layiq cəmi bir informasiya eşitmişdim.

Sözün düzü həmin gün A.Əsədlinin 2021-ci ildə Ermənistanla Gürcüstanın ticarət dövriyyəsinin 10 milyard dollar olduğunu xüsusi əda ilə söyləməsinə təəccüblənmişdim və məsləhət görmüşdüm ki, evə gedəndə bu məsələni bir daha araşdırsın.

Çünki həmin il Ermənistanın xarici ticarət dövriyyəsinin cəmi heç 10 milyarda çatmırdı, 8.3 milyard idi və burada Gürcüstanın payı 400 milyondan bir az artıq idi.

A.Əsədli “Pressklub”tv-dəki çıxışında da əvvəlcə mənimlə debatda olduğu kimi məlum məsələləri uzun-uzun danışdı və sonra danışığına mötəbərlik vermək üçün “dərin” biliyini nümayiş etdirməyə keçdi.

Onun dediklərini dinlədikcə Azərbaycan siyasətinin hansı duruma düşdüyünü görüb dəhşətə gəlməmək mümkün deyildi.

İnsan bilmədiyi, heç bir anlayışa malik olmadığı məsələlər haqqında heç bir məsuliyyət hiss etmədən, üstəlik özünə vurğunluğunu qətiyyən gizlətmədən, həm də “hər şeyi bilən oğlan” ədası ilə necə rahatlıqla danışırdı?

Deyirdi ki, “Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CXP) sədri olmaq çox asandır, heç nə eləmirsən, 30 beyin mərkəzi hər şeyi hazırlayıb qabağına qoyur”.

üstəlik, CXP-nin pul dərdi də yoxdur, çünki, dövlət yardımından başqa “Türkiyə İş Bankasında partiyanın 25% payı var və hər il 25% gəlir CXP-yə gedir”.

A.Əsədlinin CXP-yə işləyən beyin mərkəzlərinin sayı və gördüyü iş barədə dedikləri kifayət qədər mübahisəli olsa da dərinə getməyək və üstündən keçək.

Partiya sədrinin qabağına hazırlanan araşdırmalar qoyulandan sonra onları öyrənmək kimi işin ən çətin hissəsinin başlandığını da çox qabartmayaq.

Kim bilməsə də Anar Əsədli ciddi materialları oxumağın nə qədər çətin, ağır məşğuliyyət olduğunu hamıdan yaxşı bilməlidir və çox güman ki, bilir.

Əgər çətin olmasaydı hər dəfə özünü “bilikli göstərmək əzabına” qatlaşmaq məcburiyyətində qoymaz, ciddi məsələlər barədə hökm verməzdən əvvəl özünü çətinə salıb nəsə oxumağa, nəsə öyrənməyə çalışardı.

Heç olmasa böyük Atatürkün xatirəsinə hörmət əlaməti olaraq İş bankasında CXP-nin payı və aldığı kar barədə danışmazdan əvvəl onun vəsiyyətini oxuyardı.

Oxusaydı bilərdi ki, həmin bankda Atatürkə məxsus 28%(25% yox) pay CXP-yə keçsə də partiyaya ordan 1 quruş da gəlir verilmir.

Dövlətin və xalqın maraqlarını hər cür siyasi iddiaların üstündə tutan Böyük Atatürkün vəsiyyətinə görə 28%-lik hissələrdən gələn gəlir hər il CXP-yə yox, Türkiyə Tarix və Dil Qurumlarına verilir.

Məlumatsızlığı və məsuliyyətsizliyi ilə Atatürkün ruhunu incidəndən sonra Anar Əsədli keçdi “Transxəzər” neft(?) kəməri layihəsinə və növbəti hökmünü verərək bəyan etdi ki, “Şuşa bəyannaməsi qədər Azərbaycanın dövlət olaraq ən mühüm qələbəsini Aşqabad bəyannaməsində” görür.

Bir neçə Aşqabad bəyannaməsi olduğunu çox güman ki, bilmədiyindən hansını nəzərdə tutduğunu dəqiqləşdirmədi və başladı “Transxəzər neft kəməri” layihəsinin qlobal əhəmiyyətini izah etməyə.

Dedi bu “neft kəmərinin işə düşməsi Rusiyanı bölgədən çıxaracaq və dünənə qədər bu layihəyə mane olan Rusiya daha heç nə edə bilməyəcək”.

A.Əsədlinin söylədiyi hər kəlmədən aydın olurdu ki, nə bu layihədən, nə bölgədəki durumdan, nə də “Transxəzər” qaz(neft yox) kəmərinin perspektivindən ən bəsit anlayışı belə yoxdur.

Anlayışı yoxdur, çünki oxumağı, öyrənməyi qətiyyən sevmir.

Eyni zamanda az-çox oxuduğunu da bizim bir çox siyasətçilərimizdə olduğu kimi “anlamaq problemi” var.

Oxumasa da, ciddi məsələləri anlamasa da, üstəlik, bu qüsurlarını yaxşı bilsə də “savadlı”, “dərin bilikli” görünmək, özünü cəmiyyətə “intellektli lider” kimi təqdim etmək istəyi ilə də “bacara” bilmir.

Məhz bu səbəbdən debat zamanı iddia etdi ki, “Transxəzər” layihəsi işə düşdükdən sonra Türkmənistan və Qazaxıstan qazı həmin kəmər vasitəsilə Türkiyəyə gələcək və oradan da Avropaya göndəriləcək.

Sürətini qətiyyən azaltmadan ABŞ-dakı Türkiyə səfirliyində keçirilən görüşdən də danışdı, “bizim siyasilər belə şeylərə fikir verməzlər”-deyərək özü ilə qürurlanmaq imkanını da əldən buraxmadı və Azərbaycanın “ən dərin” siyasətçilərindən biri olduğunu xüsusi qabartmağa çalışdı.

Və bəyan elədi ki, İsrail qazı da Türkiyədən keçib gedəcək Avropaya.

Aydın görünürdü ki, Türkiyəni Avropa ilə birləşdirən cəmi iki qaz kəmərinin olduğunu, onların da tam gücü ilə işlədiyini, yəni, əlavə qaz ötürmək imkanına malik olmadığını adam anlamaqda çətinlik çəkir.

Söhbət Avropaya ildə 16 milyard kub metr qaz ötürmək imkanına malik olan “Türk axını” və 10 milyard kub metrdən bir az artıq ötürücülük qabiliyyəti olan TAP boru kəmərlərindən gedir.

Cənub Qaz dəhlizinin bir hissəsi olan ikinci kəmər təkcə Azərbaycan qazını ötürmək imkanına belə malik deyil.

Əgər təcili investisiyalar qoyulmasa və TAP boru kəmərinin ötürücülük qabiliyyəti artırılmasa Azərbaycan Avropaya ildə 20 milyard kub metr qaz vermək öhdəliyini yerinə yetirə bilməyəcək.

İsrai qazını Avropaya çatdırmaq üçün 2019-cu ilin martında Kipr, Yunanıstan və İsrail arasında “Şərqi Aralıq dənizi” boru kəməri barədə saziş imzalanıb. İtaliya və Avropa birliyi də ona dəstək verib.

Layihəni əvvəl dəstəkləyən ABŞ-ın geri çəkilməsi ilə işlər düyünə düşüb və Türkiyə də bundan mümkün qədər yararlanmağın yollarını axtarır.

Eyni zamanda gözləmək istəməyən İsrail Misirə qaz kəməri çəkmək və ləngimədən Şərqi Aralıq dənizindəki “Leviafan” yatağından çıxan qazı maye qaza çevirərək satmaq və gəlir götürmək istəyir.

Çünki, bir az əvvəl dediyimiz kimi TAP boru kəmərinin ötürücülük qabiliyyəti Avropaya yalnız 10-12 milyard kub metr qaz satmağa imkan verir.

Məhz bu səbəbdən Azərbaycan prezidenti “Transxəzər” layihəsinə dəstək versə də “əsas işi tranzit ölkə deyil, enerji ehtiyatlarının sahibi görməlidir”- deyir.

Rusiya və İranın da bu layihəyə müqaviməti həmişə olub və bu gün də qalmaqdadır.

üstəlik, Türkmənistandakı qaz yataqlarının əsas investoru olan Çin dövləti “Transxəzər” layihəsinin əleyhinədir və bu kifayət qədər ciddi problemdir.

Nəhayət, Əfqanıstan üzərindən Hindistana çəkilən və ötürücülük qabiliyyəti 33 milyard kub metr olan TAPİ qaz boru kəməri Türkmənistan üçün prioritet layihədir və bu səbəbdən “Transxəzər” layihəsi çərçivəsində yaxın vaxtlarda işlərin başlanması ehtimalı son dərəcə aşağıdır.

Bütün bu incəlikləri bilmədən, “Xəzərin statusu haqqında Konvensiya”nı öyrənmədən hansısa “Aşqabad bəyannaməsi” haqqında nağıllar uydurmaq və sözlərinin mötəbərliyini artırmaq üçün onu tarixi “Şuşa bəyannaməsi”nə bərabər tutmaq bir siyasətçi üçün yumşaq desək ən azı qeyri-ciddi davranışdır.

“Transxəzər” kəməri barədə “dərin mülahizələrini” bitirdikdən sonra Anar Əsədli “qızıl xırdalamağa” davam etdi və keçdi heç kimin bilmədiyi digər məsələlərə.

Onun “mütəfəkkir” ədası ilə söylədiyi cümlələrdən özünü olduğundan dəfələrlə savadlı, mötəbər göstərmək istəyi “fışqırır” və bu istər-istəməz insanda ikrah hissi doğururdu.

Arada “əngin biliyini” nümayiş etdirmək üçün Qarabağdan keçib əlüstü Kosovo məsələsinə də toxundu.

Bu məqamda qarşısında Kosovo probleminin dərin bilicisinin oturduğunu düşünən hörmətli aparıcı bu məsələdə irəliləyişə nail olunmasında Azərbaycanın rol oynaması barədə müəyyən gümanlarını səsləndirdi, sözgəlişi prosesi dəqiq bilmədiyini etiraf etməkdən də çəkinmədi.

Anar Əsədli təbii ki, onun kimi davranıb məsələdən xəbərsiz olduğunu etiraf etmədi, gülərək Azərbaycanın bu məsələdə iştirakını “oldu, oldu”-deyərək təsdiqlədi, deyəcək sözü olmadığından “o məsələyə toxunarıq”-deyərək “mən o problemi də dərindən bilirəm” təsəvvürü yaratmağa çalışdı və təbii ki, sonra heç nə danışmadı.

Ancaq onun “oldu,oldu”-deyərək Azərbaycanın bu məsələyə müdaxilə etdiyini təsdiqləməsi göstərdi ki, danışdığı digər məsələlər kimi bu problemdən də heç bir anlayışı yoxdur.

Çünki “Kosovo” problemindən xəbəri olanlar bilirlər ki, dünyanın böyük gücləri azı 15 ildir ki, bu məsələni yoluna qoya, hansısa ciddi irəliləyişə nail ola bilmirlər.

Biz dövlətimizin nüfuzu ilə nə qədər qürurlansaq da etiraf etmək məcburiyyətindəyik ki, Serbiya Azərbaycan-Ermənistan münasibətlərinə nə qədər təsir etmək imkanına malikdirsə, Azərbaycan da Kosovo-Serbiya məsələsinə təqribən o qədər müdaxilə etmək gücündədir.

Sözlərinə davam edən Anar Əsədli sonda hörmətli Rəcəb Tayyib Ərdoğanın siyasi ustalığından danışaraq söylədi ki, seçki kampaniyası zamanı o bir bölgədə(adını demədi) “bərabər yürüdük biz bu yollarda”mahnısını oxuyub( burda səsini nümayiş etdirmək imkanını əldən buraxmadı və mahnının bir parçasını oxudu) və 2 milyon artıq səs ala bilib.

Musiqi biliyinin zənginliyini qabartmaq üçün mahnının Sezen Aksuya mənsub olduğunu da qeyd etməyi unutmadı.

Türk xalqı musiqiyə nə qədər dəyər versə də bir mahnıya qulaq asıb onu səsləndirənə milyonlarla səs verəcək qədər aşağı səviyyədə deyil və heç vaxt olmayıb.

Özünü xalqla əlaqələr üzrə mütəxəssis sayan A.Əsədlinin reallıqla heç bir əlaqəsi olmayan bu cür bəyanatları türklərin zəkasını aşağılamaqdan başqa bir şey deyil.

Türkiyədə siyasi prosesləri diqqətlə izləyənlərə məlumdur ki, Rəcəb Tayyib Ərdoğan AK partinin az qala himninə çevrilmiş həmin mahnını ən azı 2000-ci ilin əvvəllərindən başlayaraq demək olar ki, Türkiyənin hər bölgəsində, təbii ki, Anar Əsədlidən daha yaxşı oxuyub və yəqin ki, bundan sonra da oxuyacaq.

üstəlik mahnını müəllifi də Sezen Aksu deyil, türk sənət musiqisinin dəyərli nümunələrinin yaradıcısı olan Selçuq Tekaydır.

Siyasətçi hər şeyi bilməyə borclu deyil, ancaq danışdıqlarını bilmək məcburiyyətindədir.

Çox təəssüf ki, Anar Əsədlinin cəmi bir çıxışına baxandan sonra onun haqqında yanılmadığıma bir daha əmin oldum.

Ortada yaxşı təhsil almamış, oxumağa, öyrənməyə həvəsi olmayan, üstəlik az sayda oxuduqlarını, eşitdiklərini anlamaqda çətinlik çəkən, buna baxmayaraq böyük siyasətçi olmağa çalışan və bu məqsədlə yalanlar danışmaqdan qətiyyən çəkinməyən bir insan var.

Potensialı olmadığı halda nəyin bahasına olursa-olsun özünü mötəbər, samballı siyasətçi kimi cəmiyyətə qəbul etdirməyə çalışan bir insan.

Məhəmməd Hadinin- “Elmin, hünərin, mərifətin varsa buyur gəl”-müdrikliyindən nəticə çıxarmamış və bunun əksinin mümkünlüyünə özünü inandırmış bir insan.

Dünyanın hər yerində hər bir iqtidar özünə belə “müxalifət lideri” axtarır və tapanda da “öpüb gözünün üstünə” qoyur.

İndi heç bir axtarış aparmadan belə bir müxalifət lideri qazanan Azərbaycan hakimiyyəti nədən onu “siyasi məhbus”a çevirmək fikrinə düşməlidir?

Dövlətimizin “siyasət bazarında” müxalifət mövqeyində dayanan belə aşağı səviyyəli partiya liderləri kifayət qədər olsa da bunun hakimiyyətə nə ziyanı var?

Nə qədər çox olsa o qədər yaxşıdır.

Xalqımıza gəldikdə isə o bir şeyi bilməlidir ki, “nəyin bahasına olursa-olsun”-düşüncəsi ilə hərəkət edənlər, məqsədlərinə çatmaq üçün hər şeyi mümkün sayanlar insanların etibarından sui-istifadə etməkdən, onları aldatmaqdan heç vaxt çəkinməyiblər və bundan sonra da çəkinməyəcəklər.

Çünki, fasiləsiz yalanlar danışmaq, özünü olduğundan ağıllı, savadlı, dürüst, mötəbər göstərmək belələrinin həyat tərzinə çevrilib.

Etiraf etməliyik ki, bu cür yalançı, saxta adamların ən istedadlıları son nəticədə öz məqsədlərinə nail ola bilirlər.

Bu gün dünyada heç bir mənəvi dəyər tanımayan, hər cür şər-böhtan danışmağı həyat tərzinə çevirən və bu yolla xeyli uğur qazannmağa nail olan xeyli siyasətçi saymaq olar.

Ancaq mənəviyyatında ciddi problemlər olan “siyasətçilərin” böyük əksəriyyəti uğursuzluğa məruz qalmış, həyatı alınmamış, özünə yer tapmamış zavallılardır.

Yalançılara, xalqa kələk gəlməyə çalışanlara dəstək verib onlardan “zorən siyasətçi” düzəltməyə çalışmayaq!

Son nəticədə bədbəxt olacaqlar.

Siyasətdə yeri olmayanları, anlaşılmazlıq nəticəsində siyasətə gələrək keçmiş dostları ilə “maliyyə problemləri” yaşayanları “siyasi məhbus”a çevirməyə cəhd göstərməyək!

Onlar siyasətçi ola bilmədikləri kimi, “siyasi məhbus” kimi də qəbul edilməyəcəklər!

Son nəticədə indi qulağa xoş gələn bu cür bəyanatların zərbəsi ilk növbədə onların özlərinə dəyəcək və bu həqiqət nəhayət anlaşılanda “iş işdən keçmiş olacaq”.

Sonda Anar Əsədlinin -“Mən utanıram bəzən, utanıram deməyə (ki) mən partiya sədriyəm, mən siyasətçiyəm!”- fikrinə qayıtmaq istəyirəm.

Məncə o, özünü siyasətçi kimi təqdim etməyə utanmaqda tamamilə haqlıdır.

Ancaq təkcə başqalarına görə yox...(https://www.baki-xeber.com/)

Cebhe.info