Sosial sifariş və bazanın olmadığı mitinq oyunu

AXCP sədri Əli Kərimli növbəti çıxışlarının birində illərlə söylədiyimiz reallığı etiraf etməli oldu.
Tez-tez, bir növ adətkar olduğu və elan edib təxirə salmaqdan yorulmadığı mitinqləri əslində ona görə keçirmir ki, həmin aksiyalara gələnlərin olmayacağını bilir. Yəni Əli Kərimli özü etiraf edir ki, mitinqlərin, etiraz aksiyalarının keçirilməsi üçün nə sosial sifariş, nə də onun özünün sosial bazası var. Başqa sözlə, AXCP sədrinin adı var, özü yox Milli Şura adından elan etdiyi mitinqlərə xalqın, etirazçı kəsimin, müxalifətin heç bir nümayəndəsinin qatılmayacağını hamıdan yaxşı elə Əli Kərimli özü bilir.
Ona görə də hətta razılaşdırılmış aksiyalara belə kimsənin qatılmayacağını öz dili ilə elan edir və ardınca etirafını siyasət donuna bürümək üçün xalqı günahlandırmağa çalışır. Bu, əslində əsl Əli Kərimli profilidir. O, bu profili uzun illərdir ki, yaradıb, siyasətlə məşğul olduğu bütün dönəmlərdə, hətta müxalifətin Əli Kərimlinin intiriqaları ilə bir neçə yerə parçalanmasına qədər olan dövrdə də bu profildən kənara çıxmayıb.
Bu profil Əli Kərimli üçün o qədər “doğmadır” ki, bütün siyasi fəaliyyəti boyunca ona bircə dəfə də olsun “xəyanət” etməyib. Bütün tərəflərdən əli üzüləndə, siyasətbazlıqla məşğul olmağın daha fayda gətirmədiyini görəndə bütün günahı xalqa yükləmək üçün fürsət gözləyir.
Bu dəfə də elə olub. Son çıxışlarından birində Əli Kərimli eyniylə belə deyib:
“Biz gördük ki, cəbhəçilərdən başqa xalqın içindən o narazı təbəqə gəlib bizim razılaşdırılmamış aksiyalara qoşulmur. O aksiyalarda iştirak edənlərin yüzdə doxsan beş faizi cəbhəçilər idi. O beş faiz də ictimai fəallar idi. Yəni xalq iştirak etmir. Xalq istəyir ki, razılıqla aksiya olsun və onlar gəlib iştirak etsinlər. Siyasi hazırlıqlı şəxslərdən fərqli olaraq, o sadə insanlar psixoloji baxımdan polislə yaxa-yaxaya yapışmağa hazır deyillər. Onlar istəyirlər ki, razılıqla aksiyalar olsun, ona görə də biz o razılıqla aksiyalara nail olmaq istəyirik. Amma heç bir çarə olmayanda və cəmiyyədə gerçəkdən sosial sifariş olanda ki, istənilən halda bu asiya keçirilməlidir, o zaman cəbhəçilər yenə də hazır olacaqlar”.
Deyən gərək ki, bu sosial sifarişin olmadığını bilmək üçün bu qədər gözləməkmi lazım idi? Əli Kərimli xalqdan heç bir məsələdə dəstək almadığını bilmirdimi? AXCP sədri bilmirmi ki, hətta razılaşdırılmış aksiya keçirilsə belə, onu dəstəkləmək üçün kimsə küçəyə çıxmayacaq? Əli Kərimli bilmirmi ki, razılaşdırılmamış aksiyaya çıxarmaq üçün inandırıb aldatdığı gənclərin də sayı iki cüt bir təkə qədər azalıb? AXCP sədri bilmirmi ki, artıq qurban vermək üçün ətrafında kimsəsi qalmayıb?
Bütün bu sualların cavabını Əli Kərimlinin özündən yaxşı bilən kimsə yoxdur və məhz bu cavabları bildiyi üçün AXCP sədri zaman-zaman elan edib təxirə saldığı mitinqlərə don geyindirməyə çalışır. Bunu elə etmək istəyir ki, həm mitinqləri elan edib təxirə salmaq oyununu müəyyən qədər davam etdirə bilsin, həm də özünün olmayan “müxalif lider” imicini qoruyub saxlamağı bacarsın.
Amma həm birincini, həm də ikincini elə özü yuxarıda sitat gətirdiyimiz çıxışı ilə alt-üst edir. Sadəcə siyasi cameədə varlığını qorumaq üçün cəmiyyətdən sosial sifariş gözlədiklərinə də inandırmağa çalışaraq bütün məsuliyyəti dəstək gözlədiyi xalqın boynuna yükləmək istəyir.
Ölkədəki narazı kəsimin belə qətiyyən onu dəstəkləməyəcəyini bilən Əli Kərimlinin indi yeganə dərdi 30 ildən artıq müddətdə işğal etdiyi AXCP sədri kreslosunu qoruyub saxlamaqdır. O titul Əli Kərimlinin siyasətdə var olmaq üçün son şansıdır. Öz əli ilə bu səbəbi artıq çoxdan yerlə yeksan edən Əli Kərimlinin qurduğu son oyunlardan da məğlub çıxacağı aydındır.
Süleyman Yusifov
"Cebhe.info"