Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir?

Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir?

Azərbaycan və Ermənistan liderlərinin sülh sazişinin müzakirəsi ilə bağlı cari ilin sonunadək görüşəcəyi barədə verilən rəsmi açıqlamalar dalana dirənmiş danışıqlar prosesinin aktivləşəcəyinə ümid yaradır.

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Azərbaycan tərəfindən sülh sazişi üzər üçüncü təkliflər paketini aldıqlarına dair məlumatı təsdiq edib.

O, bunu erməni tərəfinin təklflərinə cavab adlandırıb.

Paşinyan bildirib ki, təkliflərin 3-cü paketi müzakirə olunur.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya səfəri zamanı üçüncü sülh paketinin Ermənistana təqdim olunduğunu açıqlamışdı.

Ermənistan tərəfinin cavabı məlum olmasa da, təklflərə baxıldığı bildirilir. Ermənistan parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri Eduard Ağacanyan bu məlumatı təsdiqləməsinə baxmayaraq, təkliflərin məzmununu və Paşinyan hakimiyyətinin mövqeyini açıqlamaq istəməyib.

ümumi mənzərə isə ondan ibarətdir ki, Azərbaycanla Ermənistanın razılaşa biləcəyi ortaq təmas nöqtələri tapmaq mümkündür. Regionda marağı olan kənar aktorların prosesə sərt müdaxiləsi mövcud situasiyada sülh prosesinin reallaşması üçün daha böyük risklər yaradır. Çünki bölgədə söz sahibi olmaq istəyən güc mərkəzləri geosiyasi konyukturu öz maraqlarına uyğun formalaşdırmağa çalışır.

Yəni Rusiya, Avropa İttifaqı, Türkiyə, ABŞ, Fransa, İran kimi “oyunçular”ın bölgədə maraqları kəsişir ki, bu da sülhün əldə edilməsinə mane olur. Ona görə də ilin sonunda liderlərin görüşü baş tutsa belə, kənar qüvvələrin prosesi pozmayacağına təminat yoxdur.

Azərbaycan və Ermənistan arasında üçüncü sülh paketinin müzakirə olunması hazırda danışıqlar prosesinə ev sahibliyi uğrunda rəqabətin artması ilə müşahidə olunur. Bu isə hər bir tərəfin öz mövqeyini diqtə etmək cəhdindən xəbər verir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilmiş səfir Filip Rikerin Bakıya və İrəvana səfərləri fonunda görüşün Vaşinqtonda keçiriləcəyinə dair məlumatlar yayıldı. Bu da səbəbsiz deyildi.

Çünki Rusiyanın vasitəçiliyi ilə Soçi danışıqlarının nəticəsiz başa çatması və Azərbaycanın Kremldən narazı qalması, eləcə də Fransa Prezidentinin iştirak etmək istədiyi görüşdən imtina etməsi ABŞ-ın fəallaşması ilə müşahidə olunur. ABŞ Qarabağ Azərbaycanın tərkib hissəsi tanımağı Ermənistandan tələb etməklə və İranın təzyiqləri qarşısında Azərbaycanı dəstəklədiyini bəyan etməklə rəsmi Bakının vasitəsilə bölgədə mövqeyini möhkəmlətməyə çalışır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da görüşün ya Brüsseldə, ya da Qərb ölkələrinin başqa bir şəhərində keçiriləcəyini deməklə vasitəçi tərəfin Rusiya olmadığına işarə edib. Buna paralel olaraq, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan liderləri arasında müzakirələrin Sankt-Peterburqda baş tutacağına eyham vurub. Öz növbəsində, Fransanın xarici işlər naziri Katrin Kalonna ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatını uzatmağı təklif edib.

Bununla da rəsmi Paris öz vasitəçiliyini daha uzun müddətə legitimləşdirmək istəyir. Çünki Minsk qrupu formatının dağıldığını artıq həm Rusiya, həm də ABŞ rəsmən bəyan edib. Azərbaycanın Prezident Makronla bir masa arxasında əyləşmək istətməməsi Fransanı “oyundan kənar” vəziyyətə salıb. Ona görə də Fransa danışıqlarda iştirak etmək üçün yenidən beynəlxalq mandat əldə etmək istəyir.

Göründüyü kimi, bölgədə marağı olan bütün tərəflər sülh danışıqlarının baş tutmasından daha çox, görüşün təşkilinə ev sahibliyi uğrunda rəqabət aparır. Bununla da vasitəçilər öz maraqlarına uyğun status-kvo formalaşdırmağa çalışır ki, belə səylər bölgəyə sabitlik vəd etmir.

Müşfiq Abdulla

Cebhe.info