Sülhməramlıların fəaliyyəti Xankəndi ilə məhdudlaşa bilər

Sülhməramlıların fəaliyyəti Xankəndi ilə məhdudlaşa bilər

Azərbaycan Ordusu Qarabağda son genişmiqyaslı antiterror əməliyyatları ilə dövlətimizin möhkəmlənməsində növbəti tarixi imza atdı.

İkinci Qarabağ müharibəsində olduğu kimi bu əməliyyatlarda da Azərbaycan hərbiçilərinin şücaəti və cəsarəti daim yaddaşlarda qalacaq. Son antiterror əməliyyatları nəticəsində Ermənistan ordusunun Qarabağda bütün qalıqları ərazini tərk edəcəklər, ərazidə qordarma qurumun “özünümüdafiə dəstələri” tərkisilah olunacaq, bütün ağır hərbi texnika və silah-surat Azərbaycan ordusuna təhvil veriləcək. Bununla erməni tərəfi növbəti dəfə kapitulyasiyaya məruz qaldı.

Artıq bölgədə qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah olunması prosesi başlayıb. Azərbaycan rəhbərliyinin Qarabağ məsələsində yeni hərbi-siyasi uğuru bir çox xarici ekspertlər tərəfindən də müsbət qiymətləndirilir.

Bəziləri hesab edirlər ki, Qarabağ problemi yekun mərhələsinə qədəm qoyub və Azərbaycan öz ərazisi üzərində suverenliyin tam təmin olunmasına nail olub.

İrlandiyalı siyasi şərhçi, Osmanlı imperiyası və Qafqaz tədqiqatları üzrə tanınmış tarixçi Patrik Uolş “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Azərbaycan ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatları təkcə bölgənin deyil, həmçinin regionun təhlükəsizliyinə müsbət təsir göstərəcək.

O bildirib ki, əvvəl-axır Qarabağda ermənilərin özbaşnalığına son qoyulmalı idi.

“Hesab edirəm ki, Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatları bölgəni hərbisizləşdirmək və dövlət ərazisində qeyri-qanuni hərbi silahlı birləşmələrini tərkisilah etmək üçün mütləq lazım idi. 2020-ci ilin üçtərəfli noyabr sazişinə əsasən, bölgədə rus sülhməramlıların yerləşməsi ilə bərabər Ermənistan bütün hərbi qüvvələrini ərazidən çıxartmalı və digər qanunsuz silahlı dəstələr tərkisilah olunmalı idi.

Lakin biz görürdük ki, Ermənistan bəyanatdan irəli gələn öhdəliyini pozub Qarabağa silah göndərdi və atəşkəsdən sonra da Azərbaycan ərazilərində minaların yerləşdirilməsi davam etdirildi. Son bir neçə gündə mina partlayışı nəticəsində baş verən ölüm hadisələrində müxtəlif təxribatlara əl atan separatçıların rolu danılmazdır. Mülki işçilərin, ardınca polis əməkdaşlarının həlak olması bunu sübut edir. O da aydındır ki, Rusiya sülhməramlıları hər hansı səbəbdən dolayı bölgədə təhlükəsizliyin təmin olunmasına uyğun advekat addımlar atmırdılar.

Azərbaycan bu kontekstdən doğan problemlər üzündən antiterror əməliyyatları həyata keçirmək qərarına gəldi. O ki qaldı Qərb dövlətlərinin antiterror əməliyyatlarına qərəzli reaksiyasına, bu, çox gülünc görünür. Çünki Qərb dövlətlərinin özləri müəyyən zaman ərzində dünyanın bir çox bölgələrində bu cür geniş əməliyyatlar aparıb”.

O xatırladıb ki, 2014-cü ildə Qərb Kiyevin Donbasdakı separatçılara qarşı antiterror əməliyyatılarını ciddi şəkildə dəstəkləyirdi:

“Hətta bu əməliyyatların uğurlu olması üçün Ukrayna ordusuna təlimlər də keçirilirdi. Amma Qərbin Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatlarına qərəzli münasibəti isə onların ikilistandartlı və ermənipərəst siyasətindən irəli gəlir. Halbuki Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisini qanunsuz silahlı dəstərlərdən təmizləmək, yəni bölgəni tam hərbisizləşdirmək üçün əməliyyatlar keçirib. Bu, Azərbaycan dövlətinin təkcə qanuni hüququ deyil, həm də vətəndaşları qarşısında öhdəliyidir”.

Ekspert Qərb mediasında anti-Azərbaycan kampaniyasını da bununla əlaqələndirib:

“Bu, birbaşa Qərbin tarixən xristianpərəst, antitürk mövqeyi ilə əlaqələdir. Eyni zamanda, 1870-ci illərdən, xüsusilə də Birinci Dünya müharibəsində Osmanlıya qarşı aparılan təbliğatın qalığıdır. Çox təəssüf ki, Qərbdə antitürk kampaniyasında hər zaman ermənilərin yalanları və böhtanları yer alıb. Nəticə etibarı ilə Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirilir”.

Patrik Uolş Qarabağda yeni siyasi vəziyyətin Azərbaycan-Ermənistan sülh prosesi üzərində təsiri, o cümlədən yaxın zamanda İrəvanın Azərbaycanla sülh müqaviləsinə imza atıb-atmayacağı ilə bağlı məsələyə də münasibət bildirib:

“Əgər bu məsələyə optimist yanaşsaq, Ermənistanın artıq regionda indiki reallığı qəbul etdiyini görə bilərik. Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanıması bunu sübut edir. Amma tarixdə baş vermiş hadisələr onu göstərir ki, ermənilər imza atdığı sazişlərə əməl etməyiblər və razılaşmadan yayınmaq üçün hər cür pozucu əməllərə əl atıblar. Hər cür maneədən istifadə edirlər”.

P.Uolş onu da vurğulayıb ki, Ermənistanda daxil siyasi vəziyyətin sabit qalması müəmmalı görünür:

“ümidverici məqam ondan ibarətdir ki, Paşinyan indi öz taleyini Qərbə bağlayıb və anti-Rusiya mövqe yürüdür. Əgər Paşinyan hakimiyyətdən kənarlaşdırılarsa, Ermənistanda çox ciddi problemlər yaşanacaq”.

Sonda P.Uolş Qarabağda rus sülhməramlılarının bundan sonrakı fəaliyyətinə də toxunub:

“Çox güman ki, bundan sonra rus sülhməramlıların bölgədə rolu 2020-ci ilin üçtərəfli noyabr Bəyanatında nəzərdən tutulandan daha da məhdudlaşacaq. Buna əsaslanaraq demək olar ki, onların fəaliyyət funksiyaları yalnız yerli əhalinin müdafiəsi və kütləvi köçün qarşısının alınması olacaq.

Həmçinin sülhməramlıların fəaliyyət dairəsi Xankəndi və şəhərətrafı ilə məhdudlaşa bilər. Bununla belə, rus sülhməramlıların ən önəmli öhdəliyi yerli ermənilər arasında silahlı qruplaşmaları tərkisilah etməkdir. Əgər onlar bunu əsas missiyası kimi hesab etsə idilər, sülhün bərpasına əngəl yaranmazdı”.

Yunis Abdullayev
Cebhe.info