Şuşada aşkarlanan kütləvi məzarlıq: "Erməni vəhşiliyi sərhəd tanımır"

Şuşada aşkarlanan kütləvi məzarlıq: "Erməni vəhşiliyi sərhəd tanımır"

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov məlumat verib.

Məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.

Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.

Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.

Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilib.

Bu, erməni vəhşiliyinin növbəti təzahürlərindən biridir.

Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətlərin izləri bu kütləvi məzarlıqlar sayəsində bir daha aşkarlanır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqlarda basdırılan azərbaycanlıların amansızlıqla qətlə yetirildikləri bəlli olur. Təəssüf ki, məhz Şuşada aşkarlanan məzarlıq sonuncu olmayacaq.

Cebhe.info-ya açıqlamasında politoloq Samir Hümbətov deyib ki, ortaya çıxan məzarlıqlar onu göstərir ki, erməni əsirliyi sərhəd tanımır:

"Əslində, kütləvi məzarlıqda dəfn edilənlər daha çox Birinci Qarabağ savaşında əsir düşmüş, istər mülki, istərsə də, hərbi vətəndaşlarımızdır.

Azərbaycan höküməti dəfələrlə Ermənistan qarşısında məsələ qaldırıb. Xüsusilə, Birinci Qarabağ müharibəsindən sonra təxminən, 4 minə yaxın vətəndaşımızdan xəbər yox idi.

Bununla bağlı dəfələrlə tələb irəli sürülüb ki, onların taleyi ilə bağlı məlumat verilsin. Ermənistan isə hər dəfə bu məsələdən yayınıb. Aydındır ki, bu qədər insanın indiyə qədər sağ qalması ehtimalı yoxdur. Qalsa belə, az qismi ola bilər. İndi ortaya çıxan məzarlıqlar onu göstərir ki, erməni vəhşiliyi sərhəd tanımır.

Ermənilər təkcə hərbi əsirlərə qarşı deyil, eyni zamanda, mülki əsirlərə qarşı da bunu edib. Düşünürəm ki, bu məsələ Azərbaycan hökuməti tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Ermənistan bu günə qədər qəbul etmirdi ki, orada bizim vətəndaşlarımız əsir kimi saxlanılıb.

Amma indi isə kütləvi məzarlıqların ortaya çıxması ilə məsələ aydın olur. Yəqin ki, 4 min əsirimizlə bağlı məlumat bu cür məzarlıqlar vasitəsilə ortaya çıxacaq".

Naibə
Cebhe.info