TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə qərar bu gün nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.
Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron sağlamlıq standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.
Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Planı təsdiqlənib.
"Cebheinfo.az"