Təhdidlərə qarşı dövlət-xalq birliyi: Düşməni susduracaq

Təhdidlərə qarşı dövlət-xalq birliyi:  Düşməni susduracaq

Azərbaycan İsraillə olan münasibətlərini inkişaf etdirir.

Belə ki, müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanın İsraillə birlikdə pilotsuz uçuş aparatı (PUA) istehsal etdiyini açıqlayıb.

O, müasir müharibələrdə insansız idarə olunan silahların çox önəmli olduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsi İranı çox narahat etdiyi görünür. Onlar dəfələrlə bu məsələdən narazı olduqlarını açıq şəkildə dilə də gətiriblər. Xüsusilə, Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran tərəfindən ölkəmizə qarşı istənilən təxribatların törədilə biləcəyi ehtimalları artmaqdadır. Nə dövlət, nə də xalq bunu qətiyyən nəzərdən qaçırmır. Son olaraq deputat Fazil Mustafanın evinin qarşısında “Kalaşnikov” markalı avtomatla vurulmasının arxasında İranın olduğu düşünülür. Bu ehtimalın yaranması üçün də xeyli səbəblər var.

Politoloq Oqtay Qasımov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, İranın ölkəmizə münasibəti təkcə Azərbaycan-İsrail münasibətləri ilə əlaqəli deyil:

“Bu, sadəcə olaraq, bir bəhanədir. İranın Azərbaycana münasibəti 1992-ci ildə qəbul etdiyi Xarici Siyasət Doktrinasında açıq-aydın göstərilib. Orada qeyd olunub ki, Azərbaycan dövlətinin mövcudluğu İranın təhlükəsizliyinə təhdiddir. Məhz bu səbəbdən də Azərbaycan dövlətinin mövcudluğuna mane ola bilməsə də, onun zəif durumda olmasına çalışır. Rəsmi Tehran 30 illik işğal dönəmində Ermənistanı buna görə dəstəklədi. Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı öz dövlət maraqlarına uyğun olan addımları atır. İran tərəfinin bütün çırpıntılarına baxmayaraq, Azərbaycan doğru bildiyi yolda addımlayacaq”.

Həmsöhbətimiz vurğulayıb ki, İran Azərbaycanda yaratdığı agentura şəbəkəsi ilə ölkədə gərginlik yaratmağa və terror aktlarına əl atmağa çalışır:

“Təəssüf ki, bir zamanlar müəyyən boşluq olduğu üçün İran Azərbaycanda xeyli sayda insanı öz casus şəbəkəsinə və özünün xüsusi xidmət orqanlarına cəlb edərək, agentura şəbəkəsini yaradıb. Onlar kifayət qədər ciddi şəkildə fəaliyyət göstəriblər. Son dövrlərdə də onların fəaliyyəti artmaqdadır. Son bir neçə ayda İran tərəfindən planlaşdırılan terror aktlarının şahidi olmaqdayıq. Yanvar ayının sonlarında Azərbaycanın Tehrandakı səfirliyinə olan terror hücumu, ardınca ölkəmizdəki hipermarketlərdən birində soyğunçuluq cəhdi, Bakı şəhərinin bəzi ərazilərində odlu silahdan atəş açılması və son olaraq millət vəkili Fazil Mustafanın həyatına qarşı terror aktı törədilməsini misal çəkmək olar.

Əlbəttə ki, bunların böyük ölçüdə İran tərəfindən yönləndirilən terror aktları olduğu şübhə doğurmur. Təbii ki, bununla bağlı son qərarı istintaq orqanları verəcək. Nəzərə almaq lazımdır ki, heç bir dövlət terrordan sığortalanmayıb və hansısa ölkədə terroru sıfırlamaq mümkün deyil. Amma terrora qarşı effektiv mübarizə aparmaqla onun səviyyəsini minimum həddə salmaq mümkündür. Bununla bağlı dünya təcrübəsi var. O cümlədən Azərbaycanın yaxın müttəfiqləri olan Türkiyə və İsrailin , həmçinin dost Pakistanın da terrora qarşı mübarizə təcrübəsi də var. Yəni müxtəlif vasitələrdən və yüksək texnologiyalardan istifadə etməklə bunun qarşısnı almaq mümkündür. Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları bu işlə məşğul olurlar. Son dövrlərdə bu cür İran agenturası şəbəkəsinə cəlb olunmuş çox sayda casuslar ifşa olunaraq həbs edilirlər”.

Politoloq İranın Azərbaycanda törədə biləcəyi terrorun qarşısının alınması və casusların ifşası ilə bağlı kifayət qədər effektli addımların atıldığını diqqətə çatdırıb:

“Amma bu məsələlər yalnız dövlət qurumlarının mübarizəsi ilə bitirilə bilməz. Terrora qarşı mübarizə cəmiyyətin hər bir vətəndaşının vəzifəsidir. Azərbaycan insanı öz dövlətini sevməkdə və qorumaqda qərarlıdır. Bu, olduqca müsbət bir tendensiyadır. Eyni zamanda, vətəndaşlar ayıq-sayıq olmalı və hər hansısa məlumat olan kimi hüquq-mühafizə orqanları ilə bölüşməlidir. Azərbaycan millət-dövlət və cəmiyyət-dövlət birliyi ilə bu cür çətinliklərin qarşısını alacaq. Biz əvvəlcədən bilirdik ki, 44 günlük Vətən müharibəsinin yekununda Azərbaycanın yaratdığı yeni reallıqların bölgədə spektrı ciddi şəkildə dəyişməsi bir çox qüvvələrin xoşuna gəlməyəcək.

Onlar bölgədə yaranmaqda olan yeni reallıqları qəbul etməmək və Azərbaycanı əngəlləmək üçün müxtəlif addımlar atacaqlar. Ona görə də Azərbaycan cəmiyyəti və dövləti yeni çağırışlara və təhdidlərə hazır olmalıdır. Bunun qarşısını almaq üçün kifayət qədər real imkanlarımız var. Cəmiyyət və dövlət birliyinin vasitəsilə həm İrandan, həm də digər istiqamətlərdən olan təhlükələri birlikdə dəf edə bilərik”.

Elmir Mustafa
Cebhe.info