Varlı ermənilər Qarabağdan çıxır: Kasıblar isə...

Varlı ermənilər Qarabağdan çıxır: Kasıblar isə...

“Son 35 il ərzində Qarabağdakı erməni sakinlərin beyinlərinə Azərbaycan dövlətinə, xalqına qarşı qorxu, nifrət və fobiya təlqin edilib. Sadə ermənilərin ərazini tərk etmələrinin səbəbi məhz onların qorxusundan irəli gəlir”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açıqlamasında dünəndən bəri ermənilərin kütləvi şəkildə Qarabağdan Ermənistana köç etməsinin səbəblərini şərh edərkən deyib.

O bildirib ki, ermənilərin Qarabağı tərk etməsi müəyyən mənada Azərbaycanın ziyanına ola bilər:

“Qarabağdakı ermənilərin Ermənistana kütləvi köçünün başlanması rus sülhməramlılarla heç bir əlaqəsi yoxdur. Əksinə, sülhməramlılar ermənilərin bu bölgədə qalmasında maraqlıdır.

Burada əsas səbəb, 30 illik işğal zamanı Qarabağda ermənilərə Azərbaycan xalqına qarşı qorxu və nifrət aşalıyıblar. Qondarma qurum və radikal millətçilər onları qorxuzublar ki, türklər Qarabağ üzərində yenidən nəzarəti bərpa eləsələr, onların hamısını məhv edəcəklər. Bu, anormal və xəstə təfəkkürdən başqa bir şey deyil. Bu kimi amillər erməniləri öz ev-eşiklərini tərk etmək məcburiyyəti qarşısında qoyur.

Hazırda Qarabağdakı ermənilər üç qrupa bölünür. Bir hissəsi ölkəmizdə qalıb yaşamaq istəyir, digər hissəsi tərk etməyə üstünlük verir, sonuncular isə vuruşmaq niyyətindədir.

Vuruşmaq məqsədində olanları Ordumuz təmamilə zərərsizləşdirib və qanunsuz silahlı birləşmələr sıradan çıxarılıb. Ərazimizdə yaşamaq istəməyənlərin getməsi üçün qapı hər zaman açıqdır. Ölkəmizdə qalıb yaşamaq niyyətində olan şəxslərə gəlincə, onların hüquqları və təhlükəsizliyi, habelə yaşam şərtləri təmin ediləcək.

O ki qaldı Paşinyan hakimiyyətinin Ermənistanda Qarabağlı ermənilər üçün 40 minlik çadır düşərgəsi hazırlamasına, məhz onlar Qarabağda nə qədər erməninin yaşadığını çox yaxşı bilirlər”.

Politoloq yaşlı ermənilərin, xüsusilə yaşı 60 və 70-dən yuxarı olan sakinlərin Qarabağı tərk etməsinin səbəbini bu cür izah edib:

“Sovet dövründə Qarabağda azərbaycanlılar və ermənilər dinc və mehriban şəraitdə birgə yayaşıblar. Lakin nəzərə almaq lazımdır ki, SSRİ-də insanların seçim azadlığı yox idi və mərkəzi hakimiyyət sadə insanlarla hesablaşmırdı.

Hər bir məsələni yalnız satqın və riyakar "nomeklantura" həll edirdi. Münaqişə başlayanda yuxarı başda oturanlar sıravi erməniləri döyüb zorla Azərbaycana qarşı qaldırırdılar. Onlar da buna məcbur şəkildə tabe olurdular. Yəni 30 il ərzində təcrid həyatı yaşayan yaşlı ermənilər birdən-birə vəziyyətin dəyişdiyini görüb qorxuya düşüblər. Onlar əksəriyyəti yaranan səs-küyün təsirinə məruz qaldıqları üçün ərazini tərk edirlər”.

Politoloq əlavə edib ki, Qarabağı, həmçinin varlı ermənilər də tərk edir:

“Onların Ermənistanda kifayət qədər restoranları, mehmanxanaları, mülkləri var, onları sadə ermənilərin problemləri maraqlandırmır. Amma tərk edənlərin böyük əksəriyyəti kasıb ermənilərdir. Bu insanlar Qarabağda öz ev-eşiklərinə çox bağlıdırlar. Ola bilsin ki, müəyyən müddətdən sonra bir neçə min erməni Qarabağa qayıdacaq və Azərbaycan qanunları altında dinc yaşayacaqlar”.

Z.Əlizadə əlavə edib ki, Azərbaycan rəhbərliyi ermənilərin kütləvi şəkildə köçünün qarşısını almaq üçün müəyyən tədbirlər görə bilər:

“Ermənilərin köç etməsinin Azərbaycana xeyrindən çox ziyanı var. Bu, ölkəmizin etibarına ciddi zərbə vura bilər. Bunun üçün Azərbaycan qorxu içində yaşayan ermənilərə qayğı göstərməlidir.

Düzdür, ermənilərin reinteqrasiya prosesinə başlanılıb. Dünəndən etibarən “Azərişıq” tərəfindən Xankəndi işıqla təmin olunub. Bundan sonra həmin əraziyə qaz, su və internet, eləcə də digər kommunal təminatlar da veriləcək.

Eyni zamanda Azərbaycan hökuməti ərazidə yaşayan ermənilərə humanitar yardım da göndərib. Bundan əlavə, sadə ermənilərə təqaüdlər və müavinətlərin verilməsi, digər sosial ehtiyaclarının qarşılanması prosesinə başlanıla bilər.

Habelə Xankəndidə təhlükəsizliyin təmin edilməsində Ordumuza kömək etmək üçün xalqımıza qarşı qanlı cinayətlərdə əli olmayan ermənilərdən ibarət polis qüvvələri yaratmaq olar. Bunu görən sadə ermənilər qalmağa üstünlük verəcəklər”.

Yunis Abdullayev
Cebhe.info