Xarici ekspertlər İrandakı səfirliyə qarşı terroru regiondakı sülhə mane olmaq çəhdi kimi qiymətləndirirlər

Xarici ekspertlər İrandakı səfirliyə qarşı terroru regiondakı sülhə mane olmaq çəhdi kimi qiymətləndirirlər

Xarici ekspertlər və jurnalistlər Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı xaincəsinə törədilmiş terror aktını regiondakı sülh və normallaşma prosesinə mane olmaq çəhdi kimi qiymətləndirirlər.

"Report" xəbər verir ki, britaniyalı jurnalist və ekspert Neil Vatson, “Dona Gracia” Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avraham, Fransadakı Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın (İCDD) direktoru Erik Gozlan, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan terror aktını pisləyiblər və Səfirliyimizin təhlkəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması ilə əlaqədar onun ailəsinə başsağlığı veriblər.

Neil Vatson hesab edir ki, İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının istənilən perspektivini puça çıxarmaq istəyir, çünki bu, Azərbaycanı regionda daha güclü edəcək. “İran rejimi Azərbaycan-Türkiyə müttəfiqliyini sarsıtmaq istəyir və İsrailə Cənubi Qafqazda müttəfiq qazandıran güclü Azərbaycan-İsrail münasibətini sevmir. İran beynəlxalq qanunları və ya təşkilatları saymır”, - N.Vatson vurğulayıb.

Reyçel Avraham xatırladıb ki, bu dəhşətli hücum İranın terrorizmin himayədarı olmasının daha bir nümunəsidir: “İran 1979-cu ildə Amerika səfirliyinə, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə hücum edib, indi – 2023-cü ildə – Azərbaycanın İrandakı səfirliyini hədəf alıb”.

Terror aktından məyus olduğunu bildirən Erik Gozlan nəzərə çatdırıb ki, terror qorxaqların, arqumenti olmayanların və sülhdən imtina edənlərin silahıdır. “Bəzi insanlar Qafqazda sülhü istəmir, lakin bu, hər şeydən əvvəl İranın bu münaqişədə iştirakını göstərir. Avropa və Birləşmiş Ştatlar anlamalıdır ki, İran Qafqazda müharibə oyunu oynayır və onlar nəhayət molla rejiminə yaxın olanların hamısının bu prosesdən kənarlaşdırılmasını tələb edərək, sülhə təkan verməlidir”, ‒ ekspert beynəlxalq birliyi hərəkətə keçməyə çağırıb.

Cebhe.info