YAP və AK Partiya sədrlərinin müavinləri Antalyada görüşüblər

YAP və AK Partiya sədrlərinin müavinləri Antalyada görüşüblər

Martın 2-də III Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib.

"Cebhe.info" xəbər verir ki, Antalya Diplomatiya Forumunun önəmindən bəhs edən Zafer Sırakaya YAP nümayəndə heyətinin səfərinin və Forumda yüksək səviyyədə iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibətilə təbriklərini çatdıran Z.Sırakaya bu qalibiyyətin Azərbaycan dövlətinin və regionun, eləcə də Türk dünyasının gələcək taleyi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

İki ölkə arasında əlaqələrin ən yüksək zirvədə olduğunu diqqətə çatdıran Z.Sırakaya deyib: “Hər zaman iftixarla qeyd edirik ki, Azərbaycan ilə Türkiyə daim bir-birinin yanındadır. Bu birlik xalqlarımızın qürur mənbəyi, dövlətlərimizin isə milli gücüdür”.

Özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdıran Zafer Sırakaya ölkəmizə qarşı bəzi qərəzli dairələrin, o cümlədən AŞPA-nın qeyri-obyektiv mövqeyinin qəbuledilməz olduğunu söyləyib. O, Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəfləndiyini qeyd edib.

İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin çox önəmli tərkib hissəsi olduğunu deyən Zafer Sırakaya əlavə edib: “AK Parti YAP-la işbirliyinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlərimiz isə ikitərəfli münasibətlərimizin inkişafı baxımından olduqca vacibdir”.

Ötən ilin dekabr ayında AK Parti nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayan Z.Sırakaya səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb: “YAP ilə AK Parti ortaq hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərir və qarşıda duran bütün məqsədləri gerçəkləşdirmək əzmindədirlər.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “bir millət, iki dövlət” prinsipinə və dostluğa, qardaşlığa, strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin əsrlərin sınağından şərəflə çıxdığını və dünyada nümunəvi xarakter daşıdığını vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyevin Zəfər seçkilərindən sonra ilk rəsmi səfərini məhz Türkiyə Respublikasına gerçəkləşdirməsinin bu reallığın daha bir bariz nümunəsi olduğunu bildirib.

YAP Sədrinin müavini Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində Türk dünyasında həmrəyliyin güclənməsinin bəzi dairələri ciddi narahat etdiyini, ölkələrimizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləndiyini bildirib. O, belə cəhdlərin istər Azərbaycanın, istərsə də Türkiyənin müstəqil və prinsipial siyasətinə təsir göstərə bilməyəcəyini vurğulayaraq, iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədiklərini qeyd edib.

Tahir Budaqov deyib ki, Azərbaycan-Türkiyə birliyinin güclənməsində iqtidar partiyaları arasında münasibətlərin mühüm rolu var. 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdıran YAP Sədrinin müavini qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu prosesə töhfə verdiyini söyləyib.

YAP Sədrinin müavini Antalya Diplomatiya Forumunun mötəbər beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olduğunu vurğulayaraq Forumun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

"Cebhe.info"