Yeni format: Sülh sazişi harada imzalanacaq?
Gürcüstan və Qazaxıstan Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlara ev sahibliyi edə bilər.
Dünən Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Prezident Kasım Jomart-Tokayev Qazaxıstanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Eyni zamanda Gürcüstan rəhbərliyi də bu danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlar həm Moskva, həm Brüssel, həm də Vaşinqton formatı çərçivəsində keçirilirib. Təəssüf ki, bu formatların heç birində ciddi bir nəticə əldə olunmadı.
Hazırkı proseslər fonunda Tiflis və Astana formatının ortaya çıxacağı ilə bağlı iddialar səsləndirilir.
Maraqlıdır, Azərbaycan üçün hansı format daha məqbul ola bilər? Tiflis, yoxsa Astana? Sülh sazişinin bu iki şəhərdən hansında imzalanması ehtimal oluna bilər?
Məsələ ilə bağlı politoloq Turab Rzayev “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan üçün sülh sazişinin harada imzalanması o qədər də əhəmiyyət kəsb etmir:
“Əsas odur ki, Azərbaycanın müəyyən şərtləri yerinə yetirilsin. Həmin şərtlər Ermənistan tərəfindən tam icra olunarsa, iki ölkə arasında sülh sazişinin imzalanması tam mümkün olacaq.
Həmin şərtlərə sərhəd ərazilərin delimitasiyasının davam etməsi, Zəngəzur dəhlizinin açılması, anklav kəndlərin Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların ləvğ olunması daxildir. Əgər bu şərtlər tam yerinə yetirilərsə, Azərbaycan Ermənistanla sülh sazişinə imza atacaq.
O ki qaldı yeni vasitəçilər məsələsinə, Azərbaycan prinsipal olaraq bunun əleyhinədir. Azərbaycan Ermənistanla danışıqların yalnız ikitərəfli formatda aparılmasının tərəfdarıdır.
Vaxtilə beştərəfli format da ortalığa atılmışdı. Bu format daxilində ABŞ və Avropa İttifaqı ilə yanaşı Almaniya və Fransa da vasitəçilik edirdi.
Halbuki Almaniya və Fransa Avropa İttifaqının özü deməkdir. Tiflis və Astanada danışıqlar keçirilə bilər, amma Azərbaycan hər iki şəhərə görüş məkanı kimi baxacaq”.
Politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Tiflisdə imzalanması daha məqbuldur:
“Əgər sülh sazişi Tiflisdə imzalanarsa, bu, mühüm tarixi gedişat olacaq. Məhz Azərbaycan, Ermənistan və Gürcüstan eyni regionda yerləşir.
Xatırladım ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası məhz Tiflisdə elan olunub. Həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan həmin ildə eyni binada müstəqilliyini elan edib. Sülh sazişinin eyni binada imzalanması daha maraqlı olar.
İki ölkə arasında Astanada da danışıqlar keçirilə bilər. Qazaxıstan həm Azərbaycana, həm də Ermənistana yaxındır. Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla yanaşı Türk Dövlətləri Təşkilatının da üzvüdür”.
Yunis Abdullayev
“Cebheinfo.az”