Zahid Oruc: “Biz yeraltı mina dağından..."

Zahid Oruc: “Biz yeraltı mina dağından..."

“Böyük Britaniyanın humanitar təşkilatı “Halo Trust” 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb.

Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kompaniyalara qarşı çıxdığı halda son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib.

Nəticədə "Halo Trust" 2000 dən artıq tank, 9000-dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4.8 milyon kvadrat metr ərazini təhlükəsiz vəziyyətə gətirib.

100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib. Lakin iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri 10 minlərlə ermənin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlandırıb.

Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar.

Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibdəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdılar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri əlavə edib ki, Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də BMT-nin Uşaq Fondunun (UNİSEF) yerli rəhbəri Marian Hattinqi də ölkəmizlə gizli işbirliyində günahlandırıblar:

“Casus qalmaqalına müharibə vaxtı Britaniyanın "Mİ-6" təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın Təhlükəsizlik Qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər.

Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük müharibə dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib.

Əgər "Halo Trust" mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 nəfər insanımızın həyatı itirilməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi. Ona görə də biz Zəngilandan Ağdərəyədək böyük bir coğrafiyanı öz qurğuları, səbr və dözümləri ilə minalardan xilas edən Britaniya təşkilatına təşəkkür edirik və əgər mina xəritələri onlarda varsa, o ərazilərin əsil sahibləri kimi dövlətimizə təhvil verməyə çağırırıq.

Xatırladaq ki, sülhyaradıcı kontingent də rəsmi olaraq 26 000-dən artıq minanı təmizlədiyini elan edir. üst-üstə hesabladıqda ərazilərimizin gözləniləndən daha tez təhlükəsiz vəziyyətə gələcəyinə inanırıq.

Ona görə də “bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, böyük qayıdışa zərbə vurmaq və düşüncılərə mina əkmək yolverilməzdir. Qarabağı özü boyda minaya çevirmək dövrü bitib. Biz yeraltı mina! dağından yerüstü mina! dağı ucaltmağı bacaracağıq!”

Vilayət Muxtar
Cebhe.info