Zəngəzur dəhlizi regiona nə verəcək?

Zəngəzur dəhlizi regiona nə verəcək?

"Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, regionun iqtisadiyyatına çox əhəmiyyətli təsir göstərəcək".

Bu sözləri iqtisadçı-ekspert Eyyub Kərimli "Cebhe.info"ya açıqlamasında deyib.

O, Zəngəzur dəhlizinin Şimal-Cənub dəhlizi üzərində yerləşməsinin əhəmiyyətini də xüsusi vurğulayıb:

"Zəngəzur dəhlizi bu iki istiqamətdə həm yük daşımalarının, həm də logistikanın keyfiyyətini artıracaq. Həmçinin, yük daşımlarının sürətinin də artması tranzit haqlarının daha ucuz başa gəlməsinə səbəb olacaq. Yəni bu, Çindən Avropaya, Şimali Avropa ölkəri və Rusiyadan Hind okeanına qədər uzanan yük daşımaların qiymətinə əhəmiyyətli təsir göstərə bilər".

Ekspert bildirib ki, ölkəmiz unikal coğrafi mövqeyinə görə yük daşımalardan əhəmiyyətli dərəcədə gəlir əldə edəcək:

"Bu isə büdcə gəlirlərinin artmasına səbəb olacaq. Bu, həm də qeyri-neft sektorunu əvəzləyəcək. Gələcəkdə ölkə tranzit haqlarından büdcəyə əhəmiyyətli dərəcədə xarici valyuta gələcək. Ümumiyyətlə, bu dəhliz vasitəsilə ölkəyə ciddi şəkildə maliyyə axını olacaq".

Eyyub Kərimli xatırladıb ki, Azərbaycanda yükdaşımaların həcmi hər il artmaqdadır:

"Hətta ötən il yükdaşımaların həcmi demək olar ki, 4 dəfə artmışdı. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması həm də ölkə iqtisadiyyatının şaxələndirilməsinə və digər sektorlara da əhəmiyyətli təsir göstərəcək. Xidmət və turizm sektoru ilə yanaşı, ölkəmizin ixrac potensialının da artımına gətirib çıxaracaq.

Belə ki, sahibkarlar üçün ölkədə istehsal olunan məhsullarımızı Çin və Avropa istiqamətinə çıxartmaq imkanı yaranacaq. Əlbəttə ki, bunun da gələcəkdə Azərbaycanın xarici ticarət dövriyyəsinin artmasına çox böyük təsirləri ola bilər".

Elmir Mustafa
"Cebhe.info"