Zəngəzur dəhlizinin yolu dəyişərsə...

Zəngəzur dəhlizinin yolu dəyişərsə...

“Azərbaycan İran ərazisindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür”. 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. O qeyd edib ki, Ermənistan üçtərəfli Bəyanatı təhrif edir. 

"Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cü bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan indiki mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünü təcrid etmək siyasətini davam etdirirsə, bu onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil”, - deyə A. Hacızadə bildirib. 

Maraqlıdır, indiki Azərbaycan-İran münasibətləri fonunda Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən alternativ marşrutun İran ərazisindən keçməklə açılması mümkündür? 

Münasibətlərdəki indiki durum buna imkan verəcək? 

Məsələ ilə bağlı politoloq, Milli Məclisin VI çağırış deputatı Hikmət Babaoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, İran ərazisindən keçəcək marşrut yolu strateji cəhətdən önəmli olacaq:

“Ermənistan üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərə uyğun addımlar atmır. Baş nazir Nikol Paşinyan üçtərəfli Bəyanatın 9-cu müddəasının mətnini təhrif etməyə çalışır. 

Ən son çıxışında Paşinyan bəyanatın 9-cu müddəasında kommunikasiya xətlərini alt bənd kimi qeyd edib. Əslində isə belə deyil. Sözügedən müddəanın birinci cümləsində kommunikasiya sözü var. 

Həmin müddəanın ikinci cümləsində isə Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən maneəsiz kommunikasiyaların açılması ifadəsi işlədilib. Paşinyan son çıxışında “maneəsiz” sözünü təhrif edib. Təəssüflər olsun ki, Azərbaycan mediasında Paşinyanın son çıxışındakı sözləri olduğu kimi təqdim edilib. Paşinyan məqsədyönlü şəkildə Azərbaycan və erməni ictimaiyyətinə, o cümlədən beynəlxalq ictimaiyyətə “maneəsiz” sözünü təhrif edərək təqdim edib. Əgər Ermənistan blokada da qalmaq istəyirsə, qoy qalsın, bu, bizim xeyrimizədir”. 

O bildirib ki, Ermənistan bu cür hərəkətləri ilə heç bir zaman blokadadan xilas ola bilməyəcək:

“Ermənistan ərazisindən marşrutun mümkün olmayacağı təqdirdə Azərbaycan Naxçıvanla quru əlaqəsi yaratmaq üçün İran ərazisindən keçən marşruta üstünlük verəcək. Düzdür, Azərbaycan-İran münasibətlərində indiki vəziyyət ürəkaçan deyil. Amma bir məqamı nəzərə almaq lazımdır ki, hər iki tərəf arasında münasibətlər mütləq normallaşmalıdır. Hər iki tərəfin buna ehtiyacı var. 

Azərbaycan-İran münasibətləri bir xalqın iki dövlətinin münasibətləri deməkdir. İranda ən çoxsaylı etnik qrup Azərbaycan türkləridir. İran bu gerçəkliyi dəyişə bilməz. Nə qədər çalışsalar da, buna nail ola bilməyiblər. İranın hərbi-siyasi rəhbərliyi Zəngəzur dəhlizinin əleyhinə bəyanatlar verməkdənsə, İranın manəfeyinə xidmət edəcək dəhlizin qurulmasına dəstək verməlidir. 

Azərbaycan-İran münasibətlərinin normallaşması rəsmi Bakının xarici siyasət prioritetlərdən biridir”.

 Yunis Abdullayev
"Cebheinfo.az"