"7, 40, cümə axşamları ləğv olunmalıdır"
Ölkəmizdə son illər yas mərasimlərində ehsanların təmtəraqlı təşkili, müxtəlif cür yeməklərin təqdim edilməsi cəmiyyətin böyük kəsimi tərəfindən tənqid olunur.
Hətta bir müddət öncə yas mərasimlərinin bu cür təşkilinin qadağan edilməsiylə bağlı təkliflər də verilmişdi. Bu yöndə addım Naxçıvanın Mahmudkənd kəndinin ağsaqqallarından gəlib. Ağsaqqalların sakinlərə müraciətdə deyilir:
“Hörmətli həmkəndlilər, dəyərli dostlar, nəzərinizə çatdırmaq istəyirik ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilir. Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək!”
Bəs dində necə, yas mərasimlərinin təmtəraqlı olması, ehsan süfrələrinin təşkili məqbuldurmu?
Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, Qurani-Kərimdə təmtəraqları ehsan süfrələrinin verilməsi düzgün sayılmır:
"Burada gərək İslam dininin əmrlərinə əməl olunsun. Sovet dövründə dini təhrif etmək üçün insanları dindən qoparıb xurafatçılığa çəkirdilər. Bu da həmin dönəmdən gəlmə adətdir. Aşura mərasimindəki xürafatın çoxu da onda inkişaf etdirildi. Qurani-Kərimdə belə buyurulub ki, təmtəraqları ehsan süfrələrinin verilməsi düzgün deyil. Əksinə, yası düşən insana kömək edilməlidir. Həzrəti Peyğəmbər yaxınları şəhid olarkən öz səhabələrinə buyurmuşdu ki, onların başı qarışıqdır, siz kömək aparın.
Yəni yası düşən şəxsə yardım edilməlidir, gedib yasda ehsan gözləmək olmaz. Peyğəmbərimizin dövründə, ondan sonra da qətiyyən bu formada yas mərasimləri qurulmayıb. Bunlar son dövrlərdə meydana çıxan xurafatlardır. Bu, İslam dinində yoxdur, heç bizim adət-ənənəmiz də deyil. Çünki ehsan tələbi ilə insanları çətinə salırlar. Din xadimləri, ruhanilər, bu məclisləri idarə edən şəxslər də həmin təmtəraqlı məclislərə rəvac verirlər".
Onun sözlərinə görə, burada İran faktoru da var:
"İranın təbliğatçıları o məclislərin daha da uzanmasına, çoxsaylı məclislərin keçirilməsinə rəvac verirlər. Həmin məclisləri öz təbliğatları üçün istifadə edirlər, fürsət kimi baxırlar. Hətta İranyönümlü şəxslər yas məclislərindən əlavə, imamların doğum və vəfat gününü bəhanə edərək ehsan adı altında süfrələr təşkil edirlər".
İlahiyyatçı ölkədə ehsan mərasimlərinin yığışdırılmasının vacibliyini də vurğulayıb:
"ümumiyyətlə, ölkədə ehsan mərasimlərinin yığışdırılması vacibdir. Gərək icra nümayəndələri, bələdiyyə sədrləri də bu işə tövsiyə xarakterli dəstək versinlər. Təmtəraqlı ehsan yığışdırılmalıdır, çünki dinimizə ziddir. Varlı adamlar bunu kasıbları düşünmədən dəbə salıblar. Mahmudkənddəki bu təşəbbüs hər yerdə olmalıdır. 7, 40, cümə axşamları da birmənalı olaraq ləğv olunmalıdır. Çünki bunlar da İslam dininə ziddir".
T.irfan qeyd edib ki, borcla, sələmlə alınan mal da ehsan hesab olunmur:
"Baxırsan ki, maddi durumu yaxşı deyil, amma insanların sözü ilə ehsan vermək məcburiyyətində qalır. Borcla, sələmlə alınan mal da ehsan hesab olunmur. Heç həmin yaslarda yığılan pul da ehsan deyil. Ehsan təmənnasız olaraq insanlara verilən nemətdir. Bundan əlavə, dində buyurulub ki, yetimin malını yemək olmaz. Amma bizdə yetimin malını da ehsana verirlər ki, kimdənsə geri qalmayaq. Molla da başda oturub onlardan çox yeyir. Bu, qətiyyən düzgün deyil".
Naibə
Cebhe.info