AYNA: “Pul istəyən “parkovşik” görsəniz....”

Sosial şəbəkələrdə yayılan məlumata görə, qanunsuz parklanma yerinin təşkili ilə hələ də məşğul olan şəxslər var.
Belə ki, onlar sürücülərdən qanunsuz olaraq dayanacaq pulu tələb edirlər. Sürücü ödəmədiyi halda isə bəzən hətta sürücülərinin avtomobilinə gizlincə zərər verirler.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov "Cebheinfo.az"- ın sorğusuna cavab olaraq bildirb ki, parklanma sahəsində nizam-intizamın yaradılması, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunması məqsədilə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir:
"Küçədə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur".
O qeyd edib ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub:
"Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Vətəndaşlar qanunsuz pul tələbi ilə rastlaşdığı təqdirdə mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".
Həsən Məmmədov
"Cebheinfo.az"