Azərbaycan ailəsi niyə uşaq istəmir?

Azərbaycan ailəsi niyə uşaq istəmir?

Azərbaycanda 2022-ci ildə 58 min abort qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.

Bu rəqəmlər ölkədə abortların sayının kəskin artdığından xəbər verir.

Belə ki, 2021-ci ildə 46 877, 2020-ci ildə 34 719 abort qeydə alınıb. 2021-ci ildə 30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edib, 15-19 yaş qrupunda abortların sayı 2020-ci illə müqayisədə artıb.

Abortların sayının artmasında bir neçə səbəb sadalanır, səbəblər arasında cinsi ayrı-seçkilik, yəni qədimdən mövcud olan, ailədə nəsil davmçısı kimi oğlan uşaqlarına üstünlük verilməsi, psixoloji hazırlıq və ailələrin maddi durumu yer alır.

Əsas səbəb nədir? Müasir ailələr niyə uşaq istəmirlər?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, abortların sayının hər il artması ölkə üçün yaxşı hal deyil:

“Bizdə ailə məsələləri başlı-başına buraxılıb. Hazırda bu məsələ ilə lazımi səviyyədə məşğul olmurlar. Burada günah təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində deyil. Bu qurum icraçıdır, gərək ölkədə bununla bağlı sosial siyasət dəyişsin, ümumi fəaliyyət planı hazırlansın.

Yoxsa insanlara ayıbdır, abort eləməyin deməklə bu məsələ həllini tapmaz. Onun üçün əsas səbəbləri aydınlaşdırmaq lazımdır. Abortların çox olması ölkə üçün yaxşı göstərici deyil. Çünki bir müddətdən sonra uşaqların artımı mənfi indekslə baş verə bilər, ölkədə əhali azalar.

Ökədə boşluq yarananda bura başqa etnik mənsubiyyətli insanlar gəlir, etnik mənsubiyyət dəyişir, yəni istər-istəməz bu baş verməlidir. Çünki yeni iş yerləri açılır, çalışmaq üçün əhalinin öz nümayəndələri olmur, bunun üçün başqa ölkələrədən köçüb gəlirlər.

İndi Fransa, Almaniya və Avropanın bir çox ölkələrinin düşdüyü vəziyyətə biz də düşə bilərik. Ona görə də sosial siyasətimiz elə qurulmalıdır ki, ölkədə çox yüksək olmasa da, bir qədər əhali artımı olsun”.

Sosioloq hesab edir ki, hər ailədə bir və ya iki uşaq olmaqla ölkədə əhali artımı olmayacaq:

“Çünki uşağı olmayan ailələr də var. Mən 30 ildir deyirəm, amma eşidən yoxdur. Ölkədə elə bir sosial siyasət olmalıdır ki, hər kəsin hər ailədə 3 uşaq saxlamağa imkanı olsun. Çünki o 3 uşaq həmin ailənin deyil, eyni zamanda, dövlətindi, xalqındı.

Həmin uşaqlar böyüdükdən sonra ölkənin müdafiə qüdrətini, alimlərinin, müəllimlərinin, fəhlələrinin, yəni kim olur olsun sayını artıracaqlar”.

Əhməd Qəşəmoğlu ailələrlə bağlı sosial siyasətin dəyişdirilməli olduğunu vurğulayaraq, ailələrə uşaqların təminatında dəstəyin vacib olduğunu qeyd edib:

“Bu işi yalnız ailələrin üzərinə atmaq səhv sosial siyasətdir. Bu, siyasət dəyişməlidir. Adi "uşaq pulu"nu verməyi belə böyük problemə çeviriblər, biri deyir verək, digərləri isə verməyək deyir. Elə şey yoxdur, 3 uşağın təmin olunması üçün mexanizm hazırlanmalıdır. Hökm deyil ki, bu pul hamıya verilsin.

Elə ailələr var ki, onların öz uşaqlarını böyütmək üçün o pula o qədər də ehtiyacları yoxdur. Amma başqa, yoxsul ailələr var ki, onların bir çoxu abortu ona görə eləyir ki, ikinci və ya üçüncü uşağı saxlamaq imkanları aşağı səviyyədədir”.

Sosioloq yaranmış vəziyyətin qarşısının alınması və daha da artmaması üçün bir sıra varinatlar irəli sürüb:

"Bir tərəfədən, ciddi elmi əsaslarla, yeni metodla maarifləndirmə olmalıdır. Digər tərəfdən, bu sahədə müəyyən bir hüquqi təzyiq olmalıdır. Ən əsası çalışmaq lazımdır ki, insanlar özləri bunu dərk eləsinlər. Bunun üçün də çox ciddi elmi əsaslara söykənən, elmi fəaliyyət proqramları əsasında ölkədə sosial siyasət həyata keçirilməlidir.

Ailələrin problemli olması yeni nəslin problemidir. Yəni biz gələcəyimizin qayğısına qalırıqsa, ailələrə ciddi diqqət verməliyik. İndi evlənənlərin 30-40 faizi boşanır. Bu, o deməkdir ki, iki dəfə ondan çox ailə də evdə vuruşur. Bu onun göstəricisidir ki, evlərdə gərgin vəziyyət var. Gərgin vəziyyət hesabına da abortlar arta bilir, yəni artıq boşanacaqlarını bildikləri üçün ikinci və üçüncü uşaqları istəmirlər.

Ailədə xoş, ahəngdar münasibət olsa, ikinci və daha çox uşaq barədə fikirləşərlər. Azərbaycanda 80 faiz ailədə gərginlik varsa, yeni nəsil mənəvi zərbələr altında böyüyür. Psixoloji mərkəzlərə getsəz, görərsiz ki, orada nə qədər körpə uşaq var. Hamısını da psixoloji zədə ilə gətiriblər, müalicəsi də kifayət qədər bahadır. Ona görə də çox ürək ağrıdıcı mənzərə yaranıb”.

Günay Şahmar
Cebhe.info