Azərbaycan sürətlə "qocalır": Problemin kökündə nə dayanır?

Azərbaycan sürətlə "qocalır": Problemin kökündə nə dayanır?

Son 8 ildə Azərbaycanda məktəbə gedən uşaqların sayında davamlı azalma müşahidə olunur.

Rəsmi məlumatlara görə, 2017-2018-ci tədris ilində orta ümumtəhsil müəssisələrinin 1-ci sinfinə 164 min 523 uşaq getdiyi halda, 2024-2025-ci tədris ilində onların sayı 132 min 261-ə düşüb.

Göründüyü kimi, 1-ci sinfə gedən uşaqların sayı son 8 ildə 32 min 262 nəfər və ya 19,6 % azalıb.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu gedişlə ölkədə əhalinin, xüsusilə gənclərin sayı azalacaq:

"Ölkədə yaşlıların, təqaüdçülərin sayı artır. Bu, iqtisadi cəhətdən də təhlükəlidir. Çünki vergi ödəyicilərinin sayı azalır. Bu, heç bir ölkə üçün arzuolunan hal deyil. Biz illərdir ki, çağırışlar edirik, lakin "eşidilmir".

Biz 3 uşaqlı ailə modeli təklif edirik. Məhz ailələrdə 1 və ya 2 uşaq olduqda ölkədə əhali sayı azalır. Hüquqi baza möhkəmlənməli, sosial müdafi olmalıdır. Ailədə 1 uşağın olması ailə üçün də, ölkə üçün də problem yaradır. Çünki ailədə 1uşaq olduqda, onun həmyaşıdı olmadığı üçün eqoist böyüyür.  İki uşaq da olduqda da eyni hal baş verir. 

Lakin ailədə 3 uşaq olduqda normal psixoloji mühit olur, eyni zamanda əhalinin sayı da artır. Qeyd edim ki, çoxuşalılıq üçün də müəyyən bir meyar olmalıdır ki, uşaqlar keyfiyyətli şəkildə böyüsün. Ölkədə elə bir şərait yaradılmalıdır ki, ailələrin 3 uşaq böyütməyə hər cəhətdən marağı olsun. Məhz problemin kökündə humanitar siyasətin qurulması durur. Təəssüf ki, ailələrlə bağlı ölkədə humanitar siyasət yoxdur".

Ləman İsmayıl
"Cebheinfo.az"