Azərbaycanda 1500 manata qoyun: Bu qiyməti kim qoyur?

Azərbaycanda 1500 manata qoyun: Bu qiyməti kim qoyur?

Azərbaycanda bir çox qoyun cinsi olsa da, son illər fermerlər “Qaradolaq” cinsinə daha çox üstünlük verirlər.

Qarabağ bölgəsində, Ağcabədi rayonunun Qaradolaq kəndində yaranan bu cins qoyunlara hazırda respublikanın bütün bölgələrində rast gəlmək mümkündür. 

Fermerlər çəkisinə, ətinin yüksək keyfiyyətinə və çox bala verməsinə görə seçilən bu qoyunları Ağcabədi rayonundan damazlıq kimi alaraq təsərrüfatlarında çoxaldırlar. Ana qoyunların çəkisi orta hesabla 75-80 kiloqram, erkəklərinin çəkisi isə 90-100 kiloqrama qədər olur. Yaxşı baxım şəraitində erkəklərin çəkisini 120 və daha yuxarı çəkiyə çatdırmaq olar ki, bunun da 30 kiloqrama qədəri quyruq yağından ibarətdir. “Qaradolaq” qoyunlarının digər xüsusiyyətlərindən biri çox bala verməsi, əkiz doğuma tez-tez təsadüf olunmasıdır. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən “Qaradolaq” qoyunları respublikamızda getdikcə daha geniş yayılmaqdadır. 

Fermerlərin sözlərinə görə, yaşlı qoyunu 350-400 manata, cavanları 600-700 manata təklif edirlər. Əgər alan özü seçirsə, 1500 manata təklif edilir. Maraqlıdır, bu heyvan cinsləri ölkəmizdə geniş yayıldığı halda nəyə görə qiymətləri bu qədər bahadır? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, “Qaradolaq” cins qoyunları digər cins heyvanlardan bir qədər fərqlənir:

“Bu qoyunların özünəməxsus xususiyyətləri var. Hündür olur, əti, yunu çox olur və digər cinslərlə müqayisədə bir qədər dözümlüdürlər. Eyni zamanda, 120 kiloqrama qədər çəkisi olan erkək qoçları olur. Ətinin də özünəməxsus xoş dadı var. Bu baxımdan bu heyvanların saxlanılması, bəslənməsi əlverişlidir”. 

Ekspert bildirib ki, “Qaradolaq” cinsinin türkmən qoyunları ilə ortaq cəhətləri var: 

“Məndə olan məlumata görə, “Qaradolaq” qoyun cinsi türkmən “Qaragül” qoyun cinsinin çütləşməsindən yaranmış bir qoyun cinsidir. Elmi şəkildə desək, seleksiyalaşmış bir cins deyil. On doqquzuncu əsrin sonları iyirminci əsrin əvvəllərində təbii şəkildə yaranmış bir qoyun cinsidir”. 

Ekspert qeyd edib ki, “Qaradolaq” qoyunların baha təklif edilməsinin xüsusi səbəbi yoxdur: “Bu qoyunlar ölkəmizdə 150 il öncədən qeyri- elmi şəkildə seleksiyalaşmış bir cinsdir. Bu qiymətə o qoyunların təklif edilməsi doğru deyil. Həmən cinslərin sayı ölkəmizdə kifayət qədərdir. Sadəcə olaraq baha qiymətə təklif edilməsi bəzi işbazların və fürsətçilərin addımlarından başqa bir şey deyil”. 

Həsən Məmmədov 
“Cebhe.info”