Azərbaycanda əti ucuzlaşdırmağın yolu açıqlandı

Azərbaycanda əti ucuzlaşdırmağın yolu açıqlandı

Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilir. Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir. Həmçinin, ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik müqayisədə 16.3% bahalaşma deməkdir.

Azərbaycanda ətin qiymətinin bahalaşmasının səbəbləri müxtəlifdir. Örüş yerlərinin azalması, yemin qiymətinin artması, təbii yem tədarükünün azalması əsas səbəblərdəndir.

Maraqlıdır, bu bahalaşmaya nə zaman son veriləcək?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, ət məhsullarında qiymətlərin bahalaşması dünyada gedən infilyasiya proseslərinin təsirindəndir:

"Bilirsiniz ki, ölkəmizə ət və ət məhsulları daha çox Ukrayna və Rusiyadan idxal olunurdu. Burada da müəyyən problemlər yarandı, müharibə başladı. İndi də həmin idxal prosesi demək olar, yoxdur. Buna baxmayaraq, statistik göstəricilərə əsasən, ölkəmiz ət məhsulları ilə özünü təmin edə bilir. Lakin yemlik məhsullar xaricdən idxal edildiyindən bu da qiymətlərin artımına təsir göstərir. Hesab edirəm ki, nə zamana kimi mal-qara yemi xaricdən idxal olunacaq, o da qiymətin artımına öz təsirini göstərəcək. Biz ölkədə əkin yerlərini artırmalıyıq. Daxili istehsalımızı artırmalıyıq ki, ətin qiymətində artım baş verməsin. ümumi infilyasiya fonunda bütün ərzaq məhsullarının qiymətinin artması gözləniləndir. Hesab edirəm ki, infilyasiya proqnozlaşdırılandan çox olsa, ətin qiymət artımını da müşahidə edəcəyik".

Naibə
Cebhe.info