Azərbaycanda etiraz doğuran pensiya yaşı: “59 olmalıdır”

Azərbaycanda etiraz doğuran pensiya yaşı: “59 olmalıdır”

Azərbaycanda mövcud pensiya yaşı uzun müddətdir ki, müzakirə mövzusuna çevrilib.

Belə ki, pensiya yaşının qadınlarda 63,5, kişilərdə isə 65 yaşa qədər artırılması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Bunu isə müxtəlif səbəblərlə izah edirlər. Onlardan biri odur ki, bu gün bir sıra dünya ölkələrində vətəndaşlar daha erkən pensiyaya çıxmaq imkanına malikdirlər və ömrünün qalan hissəsini istirahətə həsr edirlər.

Hətta bu gün “yaşlıların turizmi” məhz bu yaş həddi üçün nəzərdə tutulub və milyonlarla yaşlı turist bu turizm növündən istifadə edirlər. Digər əsas səbəb isə odur ki, vətəndaşlar bu gün ölkədə orta ömürün çox da uzun olmadığını və mövcud pensiya yaşının bu imkandan yararlanamağa imkan vermədyini düşünürlər. Burada indiki pensiya kapitalının toplanması da vətəndaşlar üçün əlavə bir problemdir.

Bu gün postsovet ölkələrində pensiya yaşı ilə bağlı açıqlanan statistikaya görə, Azərbaycan ən çox pensiya yaşı ilə ilk sırada qərarlaşıb. İkinci sırada isə onu Ermənistan təqib edir. Digər ölkələrdə isə pensiya yaşı ölkəmizdən dəfələrlə azdır. Hətta Özbəkistanda qadınların pensiya yaşı 55, kişilərdə 60 yaşdır.

Türkmənistanda bu nisbət qadınlarda 57, kişilərdə isə 62, Rusiyada qadınlarda 57, kişilərdə 62 yaş həddindədir. Qeyd edək ki, hətta bəzi ölkələrdə pensiya yaşının artırılması kütləvi etirazlara səbəb olur. Məsələn, dünən Fransada pensiya yaşının iki il uzadılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə 14-cü ümummilli kütləvi tətil və nümayişlər keçirilib.

Hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermədən qəbul etməsindən sonra ölkədə kütləvi nümayişlər başlayıb. İslahatın Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini bəyənib, 6 maddəni isə tam və ya qismən rədd edib.

Kütləvi etirazlara və müxalifətə baxmayaraq, qəbul edilən qanunun geri götürülməsinə dair qanun layihəsi iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ölkəmizdə isə pensiya yaşının artırılması ilə bağlı hətta bəzi millət vəkilləri, ekspertlər tərəfindən etirazlar səslənsə də bu məsələ ilə bağlı heç bir müsbət nəticə əldə edilməyib. Hətta müvafiq dövlət qurumu hazırkı pensiya yaş həddinin doğru olduğunu əsaslandırmağa çalışır.

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, pensiya yaşının yuxarı olması müsbət hal kimi qiymətləndirilə bilməz və bu, bizdə neqativ birincilikdir:

“Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması siyasəti əhalinin orta yaşı ilə uyğun olmayan bir nisbətdə və yanaşmada müəyyən edilmiş göstəricidir. Daha çox qeyri-leqal əmək bazarı fonunda Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri arasında yaranmış disbalansın aradan qaldırılması istiqamətində qeyri-adekvat mövqenin nəticəsi olaraq ortaya çıxıb.

Nəzərə alsaq ki, orta ömür təxminən 73 ildir, 12 ildə hökumət gözlənilən pensiya dövrü elan edib, belə halda ən yaxşı halda Azərbaycanda pensiya yaşı 61 olmalıdır. Ancaq dünya ortalamasından yola çıxmış olsaq, Azərbaycanda pensiya yaşı 59-dan yuxarı olmamalıdır”.

DSMF-nun bugünkü pensiya yaşının doğru olduğunu əsaslandırmağa çalışmasına gəldikdə isə ekspert deyir ki, hər zaman belə olur:

“Sabah ölkə rəhbərliyi tərəfindən tapşırıq verilsə ki, pensiya yaşı 60 yaşa salınsın, müvafiq qurum o zaman bunun mütərəqqi, humanist addım olduğunu deyəcək. Onların işi odur. Hər zaman absurd əsaslandırmalar üzrə ixtisaslaşmış qurumlardır. Burada təəccübləndirici heç nə yoxdur.

Heç kimin, ictimaiyyətin də fikrini nəzərə almırlar. Faktiki olaraq 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərin hamısı ölkədə pensiya əlçatanlığını zəiflədən addımlardır. Fundamental şəkildə pensiya hüququnun məhdudlaşdırılmasına aparan yoldur. Bununla bağlı öz mövqeyimizi bildirmişik, cəmiyyətdə də bunu tələb var. Ancaq hökumətin mövqeyi aydındır”.

Nigar Abdullayeva
Cebhe.info