Azərbaycanda hamı pensiya alacaq? - Əhali “1 manata” arxayın olub

Azərbaycanda hamı pensiya alacaq? - Əhali “1 manata” arxayın olub

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

Bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisdə müzakirə olunub və plenar iclasa tövsiyə olunub. 

Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Deputat Vüqar Bayramov bildirib ki, pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir: 

"Minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək. Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək”. 

Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artıracaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək. Bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq. 

Xatırladaq ki, minimum pensiyanın və əməkhaqlarının artırılması həm də pensiya kapitalının artırılması deməkdir. Bir neçə il işləyənlər isə tələb ounan vəsaiti yığa bilmirlər. Ona görə də təqaüd yaşları çatsa da, onlar təqaüd yox, müavinət ala bilirlər. 

Bununla belə, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olması barədə yenilik gələcək pensiyaçılar arasında müzakirələrə səbəb olub. Bir çoxları düşünürlər ki, əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək və bu, bütün dövrlərə aiddir. 

Mövzu barədə Cebhe.info-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, indiki reallıqda həmin kapiatlı yığmaq imkansızdır: 

“Minimum əməkhaqqının hər dəfə artırılması həmin şəxslərə də şamil ediləcək. Burada başqa bir problem var. Minimum əməkhaqqı artan kimi yığım kapitalının miqdarı da artır. Bu, daha ciddi problemdir və böyük ədalətsizlikdir. Çünki qanunvericiliyə görə, minimum kapitalın 144 misli minimum yığım məbləği hesab olunur. Bu da ciddi problemdir. Çünki insanlar indiki qanunvericiliyə görə minimum təqaüdə görə 40320 manat yığmalıdırlar ki, normal təqaüd alsınlar. Bu da indiki reallıqda o qədər də ağlabatan deyil. İndiki gedişatla, indiki maaşla o qədər vəsait toplamaq demək olar ki, mümkün deyil. Bu da daha çox insanların normal təqüd almaq imkanlarını məhdudlaşdırır”. 

İqtisadçı bildirib ki, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olması barədə yenilik bütün dövrləri yox, qarşıdakı 3 ili əhatə edir.  O, bu müddətin artırılmasının da mümkün olduğunu qeyd edib: 

“Bu, Prezidentin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Çox güman ki, belə bir yanaşma ola bilər. Çünki zaman-zaman müəyyən müddətlərin artırılmasının şahidi olmuşuq”. 

Günay Şahmar 
Cebhe.info