Azərbaycanda vurulacaq yeni peyvənd ölümdən qoruyacaq

Azərbaycanda vurulacaq yeni peyvənd ölümdən qoruyacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. 

Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb. Qeyd edək ki, heksavaksinin tərkibində Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİB əleyhinə vaksinlər yer alıb.⠀ Hepatit B qaraciyərə təsir edən və hepatit B virusunun törətdiyi ciddi xəstəlikdir. 

"Cebhe.info" bildirir ki, uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilər. Uşaqları infeksion xəstəliklərdən qorumağın yolu peyvəndləmənin aparılmasıdır.  Azərbaycanın da buna uyğun öz peyvənd təqvimi var. Körpə peyvənd təqvimi ilə körpənin doğulmasından müəyyən yaşa qədər hansı peyvəndin hansı ayda, hansı yaşda vurulacağı müəyyən edilir. Ötən il 1 yaşa qədər uşaqların GDTHibHepB vaksini ilə 68,3%, difteriya və tetanus əleyhinə DT vaksini ilə 79,4% əhatə olunub. Doğumdan sonra ilk 12 saat ərzində körpələrə Hepatit B-yə qarşı HepB peyvəndinin ilk dozası vurulur.  ÜST-ün 2019-cu il hesabatına görə, dünyada 296 milyon insan xroniki hepatit B infeksiyası ilə yaşayır və hər il 1,5 milyon insan bu virusa yoluxur. 2023-cü ilin iyul ayına qədər “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya”nın fəaliyyəti nəticəsində 1329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır. 

Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub. B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1086 (müraciət edənlərdən 82%) nəfər olub.

Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır. Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) nəfər hepatit C, 227 (20,9%) nəfər hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub. GDT peyvəndi göyöskürək, tetanus və difteriya, DT peyvəndi isə difteriya və tetanus əleyhinədir. Övladınızın bu üç xəstəlikdən effektiv müdafiəsi üçün 4 doza QDT (1-ci doza 2 aylığında, 2-ci doza 3 aylığında, 3-cü doza 4 aylığında, 4-cü doza 18 aylığında) və 1 doza DT (6 yaşında) vurdurmaq tövsiyə olunur. Difteriya “Corynebacterium diphtheriae” adlı mikroorqanizmin boğaz, burun, göz və dəriyə yerləşməsi ilə ortaya çıxır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilər. 

Tetanus - Clostridium tetani adlı bakteriyaların yaratdığı infeksiyadır. Clostridium tetani oksigensiz bir mühitdə, xüsusilə nəmli və isti torpaqlarda, toz və gübrələrdə illərlə yaşayan, insan və heyvanların həzm sistemlərində də yaşaya bilən bakteriyadır.

Bu bakteriyalar paslı iynə, mismar kimi alətlərin yaratdığı yara kəsikləri, torpaq və ya gübrə kimi mühitdəki təbii quruluşdan bədənə daxil olur. 33 Hib peyvəndi B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd 2 aylıqda vurulur. Hib peyvəndi Haemophilus influenzae tip B (Hib) bakteriyalarının yaratdığı Hib xəstəliyinə qarşı vurulur. Bu xəstəliyin ən çox yayılmış forması meningitdir. Poliomielitə qarşı peyvənd 3 aylıqda vurulur. Poliomielit insanın sinir sisteminə təsir edən və əzələ toxumasının iflici, atrofiyası, ölüm və ya əlilliyinə səbəb olan ən ağır virus xəstəliklərindən biridir. Poliomielit hava-damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir. Qısa müddət sonra öz təsirini göstərir, hərəkətin məhdudlaşması ilə müşahidə edilir. Adətən 15 yaşadək uşaqlar, nadir hallarda isə böyüklər yoluxa bilər. Daha çox 5 yaşınadək uşaqlar həmin xəstəlikdən əziyyət çəkirlər.

Onun yeganə profilaktikası peyvənd olunmaqdır.  Məlumatlara əsasən, 1995-ci ildən ölkəmizdə bu xəstəliyə rast gəlinmir. 

Naibə 
"Cebhe.info"