Azərbaycanda yarım milyardlıq maşınların ustaları var?

Azərbaycanda yarım milyardlıq maşınların ustaları var?

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır.

Rəsmi dilerlər tərəfindən sıfırdan ölkəyə gətirilən avtomobillər olsa da, üstünlüyü Gürcüstandan idxal olunan ikinci əl hibrid mühərrikli avtomobillər təşkil edir. 

Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "hibrid-elektrik" avtomobilləri kimi tanınır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin 11 ayında xaricdən ölkəyə 343 milyon 400 min dollar olan 15 486 ədəd hibrid və elektromobil gətirilib. Bunlardan 12 749-u hibrid maşınlar (332,4 milyon dollarlıq), 2737 ədədi isə elektromobillərdir (111 milyon dollarlıq). Say ifadəsində bu ötən ilin eyni dövründən 4600 ədəd artıqdır. 

Məbləğ ifadəsində isə, bu il idxal olunan hibrid maşınlara və elektromobillərə ötən ilkindən 3 dəfə artıq xərc çəkilib. Xatırladaq ki, 2022-ci ildə ölkəyə 10 900 ədəd hibrid və elektrik maşını gətirilib ki, onların da ümumi dəyəri 149 milyon dollar olub.

Bəs bu avtomobilləri alan şəxslər hibridlərin Azərbaycana gətirilməsində hansı problemlə üzləşirlər? Təmir etmək çətin olmur ki? Peşakar ustalar varmı? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Cebhe.info" -ya açıqlamasında bildirib ki, hibrid avtomobillərin kifayət qədər çox ustası var:

"Mən rəsmi dilerlər tanıyıram ki, ustalarını təcrübə toplamaq üçün xarici ölkələrə göndərir. Orada ixtisaslaşırlar, daha sonra burada fəaliyyətə başlayırlar. Yəni hibrid avtomobillərin təmiri ilə bağlı hər hansı bir problem yoxdur". 

Ekspertin sözlərinə görə yeni elektromobillərin bəzilərinin ehtiyat hissələri tapılmır:

"Bəzi elektromobillər var ki, onların ehtiyat hissələri ya gec tapılır, ya da ümumiyyətlə, sürücü uzun müddət gözləməli olur. Lakin bu müvəqqətidir. Çünki həmən elektromobillər ölkəmizə kifayət qədər çox sayda gətirilir. Əksəriyyəti də rəsmi dilerlər tərəfindən tam komplektasiya olunmuş şəkildə gətirilir. Ancaq ehtiyat hissələri tapa bilməyən sürücülər gətirdikləri avtomobilləri özləri sifariş verib. Ona görə onlar bu problemlərlə üzləşirlər". 

Ekspert qeyd edib ki, elektromobil ustası olmaq istəyən şəxslər peşə liseylərində bu sahə üzrə ixtisaslaşa bilərlər. 

Həsən Məmmədov 
"Cebhe.info"