Bakıda bina tikintisi dayandı: “Yeni Baş plandan sonra...”

Bakıda bina tikintisi dayandı: “Yeni Baş plandan sonra...”

“2024-cü ildə inşaat materialları bazarında qiymət dəyişikliklərini səciyyələndirsək, 2023-cü ilə nisbətdə qiymətlərdə azalmaların baş verdiyini söyləyə bilərik”. 

“Cebhe.info” xəbər verir ki, bunu “Vecon Consulting” qiymətləndirmə şirkəti inşaat materialları bazarının ötən ilə nisbətən təhlilində qeyd edib. Məsələn, ötən ilin yanvar ayına nisbətdə taxta materialları 12,1-13,2 faiz nisbətən ucuzlaşıb. İl ərzində isə bu rəqəm 12,65 faiz təşkil edib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşması tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə xarakterikdir.

Öncəki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının idxal olunmasına maneələrin aradan qalxması, eyni zamanda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas faktorlarındandır. 

Tikinti materiallarının qiymətinin artması onsuz da durğunluqda olan daşınmaz əmlak bazarını daha da kritik vəziyyətə salır. Bir çox əmlak ekspertləri və alqı -satqı ilə məşğul olan vasitəçilər də əmlak bazarındakı indiki durumdan razı görünmürlər. Narazılığın əsas səbəbi kimi əmlak bazarının dayanması göstərilir. 

Daşınmaz əmlak bazarı üzrə mütəxəssis Tural Əfəndi “Cebhe.info”-ya bildirib ki, daşınmaz əmlak bazarında yaranmış durğunluğun bir neçə səbəbi var: 

“Birinci səbəb yeni bina tikintisinə icazəsinin məhdudlaşdırılmasıdır. Bakının Baş planından sonra yeni binaların tikintisi dayanıb. Buna görə də əmlak bazarında bina qıtlığı yaranıb. Binaların sayı az, əhalinin sayı isə çoxdur. Bir başqa səbəb isə əmlak bazarında tikinti materiallarının qiymətinin artmasıdır. Düzdür, əsas səbəb bu deyil. Lakin ən başlıca səbəb yuxarıda qeyd etdiyim kimi, binaların az, əhalinin çox olmasıdır”. 

Həmsöhbətimiz hesab edir ki, saysız-hesabsız binalar, mənzillər olarsa, daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşa bilər:

“Məsələn, televiziyalarda yaşayış kompleksinin reklamı gedir. Hələ bina tikilməyib, lakin oradan ev almaq üçün müraciət edəndə görürsən ki, bütün mənzillər satılıb. Satılma səbəbi də elə vəziyyətdə evlərin nisbətən ucuz olmasıdır. Ona görə də yeni mənzillərin tikintisinə şərait yaradılmalıdır. Əgər ucuzlaşma istəyiriksə, bunu etməliyik”. 

Həsən Məmmədov 
“Cebhe.info”