Əlimizdəki kiçik "bombalar": Onlardan necə xilas olaq?

Texnologiya inkişaf etdikcə batareyalara olan tələb də artır.
Evimizdə istifadə etdiyimiz bir çox əşyalar, mobil telefon, notbuk, məişət əşyaları və oyuncaqları idarə edən pultların işləməsi üçün çox sayda batareyalardan istifadə edirik.
Batareyaların tərkibində ağır metallar, civə, kanserogen maddələr mövcuddur. İşlənmiş batareyanın tərkibində isə orqanizm üçün təhükəli hesab edilən qurğuşun, civə, kadmium kimi zəhərli materiallar var. Ona görə də batareyaların üzərində onların zibilqabına atılması barədə heç bir işarə yoxdur.
Batareyalar işə yaramadıqda onları zibilqabına və ya hara gəldi atmaq olmaz. Batareyalar atıldığı ərazini zəhərləyir və insan orqanizmində bir çox xəstəliyə səbəb olur. Ona görə də batareyaları xüsusi məntəqələrə təhvil vermək lazımdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, ötən ildən batareyaların toplanmasına başlanılıb.
Onun sözlərinə görə, bunun üçün vətəndaşların özləri, təhsil müəssisələri müraciət edirlər:
“Batareyalar təhlükəli tullantılar hesab olunur və bunları digər tullantılardan ayırmaq lazımdır. Tərkibində olan zərərli maddələrə görə ətraf mühitə ziyan verir və radiasiya fonu yaradır. Buna görə də 2022-ci ilin may ayından “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu ilə birgə batareyaların toplanması – “Batareyanı təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
Öncə tullantılar üçün qutular “Bravo” marketlər şəbəkəsində yerləşdirildi. Bundan sonra mövcud olan əsas aparıcı market şəbəkələrində bu qutular qoyulub. Ərazilər Bakı, Sumqayıt və regionları əhatə edir. Bundan əlavə, nazirlik tərəfindən dövlət komitələrində qutular yerləşdirilib. Eyni zamanda, bir neçə bankda qutuların yerləşdirilməsi prosesi başlanılıb və davam edir.
Hotellərdə, iri ticarət mərkəzlərində də yerləşdirilməsi təmin olunub və getdikcə sayı artırılır. Artıq metro, ASAN Xidmət və DOST mərkəzlərində də qutuların yerləşdirilməsi prosesi gedir. Bundan əlavə, məktəb və ali təhsil ocaqlarında qutular yerləşdirilir, daha çox yeri əhatə eləmək üçün proses davamlı olaraq gedir”.
Şöbə müdiri bu qutuların gələcəkdə parklarda yerləşdirilməsinin də nəzərdə tutulduğunu bildirib:
“Ümumilkdə nəzərdə tutulur ki, bu qutular şəhərin bir çox yerində, ictimaiyyətin sıx olduğu yerlərdə yerləşdirilsin. Amma bunun marketlər, hotellər, iri ticarət mərkəzlərində yerləşdirilməsi daha effektiv olur, koordinasiya təmin olunur.
Batareya zərərli tullantıdır, onun üzərinə başqa tullantı atılmamalıdır, kimsə küçədən keçərkən onun üstünə siqaret kötüyü digər tullantı atmamalıdır. Bu daha çox ciddi nəzarət olunası məsələdir. Ona görə hələlik bunların toplanması bu cür davam etdirilir. Nəzərdə tutulur ki, müəyyən müddətdən sonra qutuların ictimai yerlərdə, insanların daha çox üz tutduğu parklarda da quraşdıırlması təmin olunsun”.
Qurum rəsmisi cari ilin ilk 3 ayı ərzində 146 kiloqram batareyanın təhvil alındığını deyib:
“Son vaxtlar müsbət dinamika ilə qarşılaşmışıq. Ayrı-ayrı insanlar müraciət edirlər. Ötən il ərzində 20 Yanvar ərazisindən daha çox batareya toplanıb. Bundan başqa, “Gənclik Mall”, "Əhmədli" metrostansiyası ərazisində yerləşən “Bravo” hipermarketindən də xeyli sayda batareya təhvil verilib. Yeni ilin ilk 3 ayını geridə qoymuşuq, bu müddət ərzində 146 kq batareya toplanılıb. Ötən il ərzində may ayından başlamaqla 297 kiloqram yığılıb”.
Səyyarə Məmmədova tullatıların sonrakı aqibətindən də söz açıb. O, tullantıların utilizasiya olunduğunu bildirib.
Nazirlik işçisi tullantıları tinglərlə əvəz etməyin mümkün olduğunu da qeyd edib:
“Eyni zamanda, tullantıları tinglərə dəyişmə aksiyası keçirilir. “Tullantıları tinglərə dəyiş” aksiyasında vətəndaşlar şüşə və batareya tullantılarını təhvil verirlər, əvəzində biz onlara ting veririk. Fevral ayının sonundan başlayaraq 8 aksiya çərçivəsində 1063 ədəd batareya təhvil veriblər”.
Günay Şahmar
Cebhe.info