Evsizlərə müjdə: Bakıda minlərlə ev faisiz kreditlə satıla bilər

Evsizlərə müjdə: Bakıda minlərlə ev faisiz kreditlə satıla bilər

"Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca, onların yaşadığı evlərin yataqxanalarda çətin şəraitdən əziyyət çəkən insanlara verilməsini təklif edirəm".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin və parlamentin Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, Sumqayıtda bir çox yataqxanada insanlar çətin şəraitdən əziyyət çəkir:

“Sumqayıtda elə insanlar var ki, 40 ildir həmin yataqxanalarda yaşayır. Onların bəzisində böyük bir ailə bir otaqda yaşayır. Ölkə Prezidentinin tapşırığı ilə bu istiqamətdə dövlət proqramı hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələ ilə bağlı daha tez maliyyə ayrılsın".

Qeyd edək ki, ötən dövr ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 100-dən artıq müasir qəsəbə salınıb. Torpaqlarımız işğaldan azad edilib və yenidənqurma işlərindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacağı təqdirdə artıq bu evlərin satışının təşkili gözlənilən idi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı qaydası da müəyyənləşdi.

Artıq işğaldan azad edilmiş bəzi ərazilərdə inşaası başa çatan evlərə məcburi köçkünlərin qaydışı tədricən həyata keçirilir. Bu gün bir fakdır ki, yataqxanalarda yaşayan, mənzil növbəsində olmayan, nağd yolla yeni mənzil alacaq qədər maddi imkanı da olmayan çox sayda vənədaşlar var.

Eləcə də həmin vətəndaşlar yüksək məbləğlə nəticələndiyi üçün mövcud kredit imkanlarından da yararlana bilmirlər. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqca boşalan mənzillərin faizsiz kredit şəklində yataqxanalarda çətin şəraitdə yaşayan vətəndaşlara verilməsi layihəsi reallaşa bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, həmin evlər qaçqınlara və məcburi köçkünlərə müvəqqəti yaşayış üçün verilmişdi:

“İndi orada sadəcə bir neçə hüquqi məsələlər ortalığa çıxır. Məsələn, həmin mənzilləri bəzi qaçqınlar və məcburi köçkünlər özləri təmir ediblər. Müəyyən avadanlıqlar quraşdırıblar. Həmin evlərin normal vəziyyətə gətirilməsində onlar xərc çəkiblər.

Bu yəqin ki, gələcəkdə ciddi müzakirə obyekti olacaq. Onlara hansısa formada kompensasiya verilib-verilməyəcəyi məsələsi yəqin ki, gündəmə gələcək. Digər tərəfdən mənzilə ehtiyacı olan çoxsaylı insanlar da var. Yataqxanalarda qalanlar, kiçik mənzillərdə bir neçə ailə üzvünün yaşadığı faktlar da var.

Onlarla bağlı mütləq kriteriyalar müəyyənləşdirilməlidir ki, həmin mənzillərin hansı kateqoriyadan olan insanlara verilməsi və yaxud satılması gündəmə gəlsin. Belə bir təklif də vardı və biz də səsləndirmişdik ki, həmin mənzillərin bir qismi bu günə qədər az sayda da olsa, mənzil ala bilməyən şəhid ailələrinə pulsuz ayrıla bilər.

Digərləri isə orduda uzun müddət xidmət edən zabit və kiçik rütbəli zabitlərə ayrıla bilər. Yerdə qalanları da faizsiz kredit şəkilində kirayə ödəməsi kimi ehtiyacı olanlara ayrılması mümkündür. Ancaq burada da kriteriyalar elə dəqiq müəyyənləşdirilməlidir ki, əlavə müzakirələrə, narazılığa səbəb olmasın.

Çünki elə kriteriyalar olmalıdır ki, vətəndaşlar tərəfindən də normal qarşılansın. Sonradan deyilməsin ki, kimlərinsə tanışlıqla, yaxud hansısa formada həmin mənzilləri əldə ediblər. Bu nöqteyi-nəzərdən mənzilə ehtiyacı olan vətəndaşların mənzillə təmin olunmasında fərqli və çox açıq, şəffaf kriteriyalar müəyyənləşdirilməlidir.

Belə mexanizm yaradılsa, millət vəkilinin təklif etdiyi məsələyə yenidən baxmaq olar. Həmin kriteriyalara uyğun olaraq vətəndaşların mənzillə təminatında Nazirlər Kabinetinin qərarı, parlamentin hansısa qanunu qəbul edilə bilər”.

Nigar Abdullayeva
Cebhe.info