İmtahan qaydası dəyişir: Kimin xeyrinə?

İmtahan qaydası dəyişir: Kimin xeyrinə?

"Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Təlim VI inkişaf sistemində müasir çağırışlar" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

O bildirib ki, səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub:

"Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir".

Maraqlıdır, səriştə əsaslı qiymətləndirmə modeli nədir və buna keçid hansı zərurətdən yaranıb?

Təhsil eksperti Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, müasir dövrdə yeni məzmunlu imtahanlara ehtiyac var:

"33 ildən artıqdır ki, Azərbaycanda ali təhsil müəssisələrinin bakalavr pilləsinə, 2006-cı ildən magistr pilləsindən, son bir neçə ildir ki, doktrontura pilləsinə xarici dil mərhələsi Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları ilə keçirilir.

Həmçinin, dövlət qulluğuna qəbul imtahanları, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları da bu qayda ilə keçirilir. Burada imtahan iştirakçıları müəyyən edilmiş vaxtda özlərinin biliklərini nümayiş etdirir. Amma etirak edək ki, müasir dünyada yeni imtahan modeli var.

Burada təkcə biliklər deyil, həm də bacarıqlar yoxlanlır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar kifayət qədər obyektiv, şəffaf, əlçatandır. Amma burada imtahan iştirakçılarının yalnız əzbər biliklərini yoxlamaq imkanına malikik, yeni məzmunlu imtahanlara ehtiyac var". 

Ekspert qeyd edib ki, bu imtahanlar artıq kağız üzərindən deyil, elektron formada keçirilməlidir:

"İmtahanların təkcə məzmunu yox, formatı da, müddəti də dəyişməlidir. Bir imtahan iştirakçısına bir dəfə yox, bir neçə dəfə imtahandan iştirak imkanı yaradılmalıdır.

Bildirim ki, Azərbaycanda qəbul imtahanları şəffafdır, qəbul imtahanlarına hər hansısa müdaxilə yoxdur, test imtahanlarına ciddi nəzarət var, qabiliyyət imtahanlarının formatı dəyişib. Yəni, proses şəffafdır. Birmənalı şəkildə imtahanların keyfiyyətini yüksəltməliyik. 

Bu gün ali məktəblərə 600-700 balla qəbul olan əmək bazarında uğurlu mütəxəssisə çevirilə bilmirlər. Yaxud daha az bal toplayan mütəxəssislərimiz başqa sahələrdə daha uğurlu ola bilərlər. Amma bizim imtahan modelində çatışmazlıq var".

Onun sözlərinə görə, kağız üzərində aparılan qiymətləndirmə elektron qaydada olmalıdır:

"Hesab edirəm ki, imtahan iştirakçılarının təkcə test mərhələsində biliklərini yoxlamamalıyıq. Onların imtahandan sonrakı ixtisas seçimi məsələsinə xüsusi diqqət yetirməliyik. Qiymətləndirmələrin hər biri elektron qaydada olmalıdır. İstər dövlət qulluğu imtahanlarında, istər digər imtahanlarda ən vacib yoxlanmalı bacarıq səriştə əsaslı elektron bacarıqlardır".

Naibə
"Cebhe.info"