İmtahandan sonrakı imtahan: Diploma inanmırlar, yoxsa?

İmtahandan sonrakı imtahan: Diploma inanmırlar, yoxsa?

Dövlət İmtahan Mərkəzi tərəfindən bugünlərdə peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi keçirilib.

Qeyd edək ki, ölkədə müxtəlif peşələr üzrə bu istiqamətdə davamlı olaraq imtahanlar təşkil edilir. Belə ki, son illər müəllimlərin, həkimlərin, vəkillərin, mühasiblərin sertifikasiya imtahanı, dövlət qulluğuna qəbul imtahanı keçirilir. Həmin peşələri seçən şəxslər isə müxtəlif ali təhsil təhsil müəssisələrinin məzunlarıdır. Ancaq onların yenidən imtahanlara cəlb edilməsi isə müəyyən suallar doğurur.

Ali təhsil müəssisələrinin məzunu olan şəxslər öz peşəsi üzrə fəaliyyətə başlamaq üçün yenidən imtahana cəlb edilirsə, bu, onun təhsil aldığı universitetə, bilik səviyyəsinə, diplomuna olan inamsızlığın göstəricidirmi? 

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, DİM müxtəlif tipli imtahanlar keçirir və onların arasında peşə qabiliyyətinin yoxlanılması da var:

“Bu imtahanlar birmənalı olaraq zəruridir. Çünki dövrün tələblərindən biri yeni çağırışları bilən mütəxəssislərin olmasıdır. Biz zaman-zaman görürük ki, işə qəbul edildikdən sonra mütəxəssislər öz üzərlərində işləmirlər. Müəyyən bilik və bacarıqlarını unudurlar. Məhz bu amili nəzərə alaraq mütəmadi olaraq müxtəlif tipli imtahanların, kvalifikasiyanın yüksəldilməsi məqsədilə sertifikasiyanın keçirilməsi normaldır. Elm və Təhsil Nazirliyi bununla bağlı sertifikasiya imtahanı keçirir. Dövlət qulluğunda çalışanlara DİM uyğunluq sertifikatı verir.

Bunlardan biri də peşəkar mühasibatlıq sertifikatıdır ki, bu gün mühasibatlıq yalnız kağızla deyil, həmçinin kağız daşıyıcıları olmadan, müxtəlif kompüter və digər elektron cihazlar tətbiq edilməklə həyata keçirilir. Burada peşəkar mühasib sertifikatının olması zəruridir. Çünki bir çox hallarda maliyyə pozuntularının baş verdiyini, yalnış hesabatların daxil edildiyini görə bilirik. İxtisas və peşə ilə bağlı suallar, test tapşırıqları həmin sahədə çalışan şəxslərə bilik və bacarıqlarının yüksəldilməsinə yönəlmiş bir addımdır, kifayət qədər də müsbət nəticələrini görə bilirik.

Azərbaycanda mühasibat xidmətinin göstərilməsində yaxşı yanaşmalar var. Çünki mühasibat xidməti göstərənlər vergi bəyannamələri, gəlirlə, xərclərlərlə bağlı yalnışlıqlara yol verdilər. İndi bu aradan qalxıb. DSMF, vergi ödənişləri ilə bağlı bugünkü nəticələr qənaətbəxşdir. Hesab edirəm ki, bu davam etməlidir. Sertifikatı olmayan bir şəxs o deməkdir ki, həmin göstəriciyə malik deyil. Yəni bu, yaxşı bir haldır”. 

Ali təhsil ocaqlarında praktika deyil, nəzəriyyəyə üstünlük verilməsinə gəldikdə isə ekspertin sözlərinə görə, bu sahədə iradlar doğrudur:

“Mühasibatlıq elədir ki, istər praktiki, istərsə də nəzəri demək olar ki, eynidir. Ancaq pedoqogikada bu fərqlidir. Orta məktəbdə dərs deməyi öyrətmirlər, həmin elmi öyrədiblər. Baxmayaraq ki, məsələn, Azərbaycan dili və ədəbiyyat məllimi ixtisasını qurtarır, peşəni yox, vəzifəni bilir. Ancaq mühasibin yoxlaması, ölçməsi praktikada, nəzəriyyədə də eynidir.

Uzun müddət işləyən şəxslər elmi-nəzəri-praktiki şeyləri daha yaxşı bilərlər. Gənclər bilə bilməz. Uzun müddət işləyən, xüsusilə də dövlət, özəl qurumlarda çalışanlar peşə, sertifikasiyaya cəlb olunurlar. Dünyada peşəkar mühasib sertifikatı təcrübəsi var və bu daha yaxşıdır ki, hətta universitet diplomundan yüksək qüvvəyə malik olduğu üçün müsbət qiymələndirilir”. 

Nigar Abdiullayeva 
Cebhe.info