İnternet qiymətləri hər təbəqə üçün fərqli olacaq? - Partiya sədri DANIŞDI

İnternet qiymətləri hər təbəqə üçün fərqli olacaq? - Partiya sədri DANIŞDI

"Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur. Çünki müştəriyə diqtə yolu nəyisə satmaq olmaz".

Bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, internet qiymətlərinin hamı üçün 25 manat olması istehlakçı hüquqlarının pozulmasıdır:

"İstəyən şəxs 100 Mbit/s sürətdən daha aşağısını almalıdır. Yəni insanlara seçim haqqı tanınmaq lazımdır. Təəssüf ki, bəzi dövlət qurumları vətəndaşa pul mənbəyi kimi baxır. Hətta bəzi məmurlar ölkəni "cərimə meydançası"na çevirir. Bu, biabırçılıqdır". 

Partiya sədri qeyd edib ki, internetin keyfiyyəti çox aşağıdır:

"Üstəlik, vəd olunduğu kimi 100 Mbit/s sürət internet də verilmir, istehlakçılar aldadılır. İnsanlara seçim haqqı vermədən, məcburi şəkildə 25 manatlıq internet paketi satılır. 

Məsələn, restoranda istəmədimiz yeməyi, mağazada seçmədiyimiz geyimi zorla satırlar? Bu mənada, seçmədiyimiz internet sürətinin bizə satılması tamamilə absurddur".

Ağasif Şakiroğlu internet tarifləri ilə bağlı təkliflər də verib:

"Düşünürəm ki, ölkədə fərqli əməkhaqları mövcud olduğu kimi, internet tarifləri də müxtəlif olmalıdır. Hər kəs öz büdcəsinə uyğun internet tarifi almalıdır. Ümumiyyətlə, internet “mayasız” bir xidmətdir. Ona görə də fərqli internet tariflərinin olması mümkündür. 

Məsələn, evdə heç bir üzvü işləməyən aztəminatlı ailələr üçün internet aylıq 5 manat ola bilər. Aylıq gəliri minimum əməkhaqqı olan (345 manat) ailələr üçün bunu 10 manat müəyyən etmək olar.

Maaşları minimum əməkhaqqıdan 2 dəfə artıq olanlara isə 2 dəfə baha internet paketi satıla bilər. Yəni bunları bu qaydalarda tənzimləmək olar".

Müsahibimiz əlavə edib ki, bunun üçün iradə olmalıdır:

"Cəmiyyətin bütün təbəqələrini düşünmək lazımdır. Hamıya eyni gözlə baxmaq olmaz. 200 min dollarlıq avtomobil idarə edən şəxs də, 345 manat maaş alan vətəndaş da internetə aylıq 25 manat ödəyir. Bu, ədalətli yanaşma deyil". 

Elmir Mustafa 
"Cebheinfo.az"