Minimum maaş nə qədər arta bilər? - Deputat
Xəbər verdiyimiz kimi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində növbəti ildən yaşa görə pensiyanın orta məbləğinin 50 manat artaraq 516 manata qalxacağını deyib.
O bildirib ki, əlilliyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır.
Bəs yeni ildən minimum maaş nə qədər arta bilər?
Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı suala büdcə müzakirəsindən sonra dəqiq cavab vermək olar:
“Bununla bağlı dəqiq bir söz deyə bilmərik. Çünki hələ müzakirələr gedir. Təbii ki, müzakirələrin nəticəsində müəyyənləşəcək. Ölkə Prezidenti cənab İlham Əliyev pensiyanın artırılması ilə bağlı anons verib. İndi büdcə müzakirəsi olacaq. Daha sonra konkret bir şey demək olar”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"