Vergi Məcəlləsi dəyişir: "Çox biabırçı vəziyyətdədir”

Vergi Məcəlləsi dəyişir: "Çox biabırçı vəziyyətdədir”

“Bu ildən Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərə başlanılıb”. 

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib:

“Bu məqsədlə biznes subyektləri ilə birgə baxış keçiririk. Yeni Məcəllə təkcə dilin sadələşdirilməsi ilə bağlı deyil. Biz həm də qanunvericiliyi bir daha təhlil edəcəyik. Hazırda Məcəllənin “Yol xəritəsi”ni hazırlayırıq. Biznes subyektləri ilə işçi qaydada görüşlər aparırıq.

Beynəlxalq təcrübəni özümüz də araşdırırıq, məsləhətçi şirkətlər də cəlb edirik. Yeni Məcəllənin nə vaxt hazır olacağını indi demək tezdir. Amma prosesə başlamışıq. 

Onun başa çatdırılmasını çox uzun illərə buraxmaq istəmirik. Sadəcə Məcəllənin “Yol xəritəsi”nin hazırlanmasını yekunlaşdırmamış onun nə vaxt hazır olacağını demək qeyri-ciddi olar".

Qeyd edək ki, son vaxtlar ölkədə Vergi Məcəlləsinə edilən dəyişiklik heç də birmənalı qarşılanmadı. Ümumiyyətlə, hazırkı Vergi Məcəlləsi ilə bağlı vətəndaşların bir çox problemlərlə üzləşdiyi deyilir ki, bu baxımdan da mütəxəssislər bu sahədə dəyişikliyə gedilməsinin vacibliyini deyirlər.

Yeni hazırlanacaq Vergi Məcəlləsi vətəndaşlar üçün hansı imkanlar yaradacaq? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, təqribən il yarım öncə yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərin görülməsi ilə bağlı anons verilmişdi:

“Təəssüf ki, ondan sonra hansısa ciddi addımların atılmasının şahidi olmadıq. İndi yaxşı ki, bu məsələ yenidən gündəmə gəlib. Bizdə Vergi Məcəlləsi çox biabırçı vəziyyətdədir.

Çoxlu sayda dəyişikliklər olunub, çox qarışıq dildə yazılıb, iş adamlarına ancaq maneçilik yaradır. Dili, üslubu çox çətindir, hətta həcminə gəldikdə qalın kitab şəklindədir, yüzlərlə maddə var. Bunun sadələşdirilməsinə, iş adamları üçün anlaşılan, rahat bir formaya salınmasına ehtiyac var.

Təəssüf ki, bununla bağlı yenə anons verildi, ancaq ipuclarını görmədik. Yeganə rəsmi açıqlamada o yer aldı ki, hansısa xarici məsləhətçilərdən məsləhət alacaqlar. Ümumiyyətlə, məsləhətlə iş görmək yaxşıdır, ancaq yetərli deyil. Bunun üçün Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi iş adamları ilə görüşlər keçirməli, mütəxəssislərlə müzakirələr aparmalıdırlar. 

Elan etməlidirlər ki, niyyətləri nədir. Çünki Vergi Məcəllələrinin müxtəlif formaları, azalan, artan xətti var, kiçik, orta sahibkarlığı önə çəkən var, əksinə, böyük biznesə daha yaxşı formada  fəaliyyət göstərməsinə imkan verən formalar var. Azərbaycanda hansı formanın əsas götürüləcəyi ilə bağlı heç bir ipucu yoxdur. 

Yaxşı olardı ki, müvafiq qurumlar bu istiqamətdə yolu açıqlasınlar. Vergi sisteminin ölkədə hansı formada həyata keçirilməsinə çalışacaqlar? Biz də bununla bağlı fikir yürüdə bilərik. Çox sadə, bir neçə maddəlik, insanların anlayacağı dildə yazılmış, çox qısa, işlək Vergi Məcəlləsi var.

Hətta çox sadələşdirilmiş Vergi sisteminə keçmək lazımdır. Bizdə həddən artıq vergi növləri var. Belə ki, gəlir vergisi, mənfəət, daşınmaz əmlakla bağlı  və s onlarla vergi növü var. Bunları təsnifatlaşdırmaq, sadələşdirmək, anlaşılan bir formaya salmaq lazımdır.

Əgər hökumət bunu etsə, təbii ki, ölkədə iqtisadiyyatın inkişafına töhfə vermiş olacaq. Ancaq biz bu günə qədər də bilmirik ki, hökumət hansı istiqamətdə Vergi Məcəlləsinin yazılmasını istəyir”.

Nigar Abdullayeva
“Cebhe.info”