Nazir də şikayətlənir, valideynlər də: Vətəndaşa iztirab gətirən Azərbaycan təhsili

“Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın "PİRLS 2021"in nəticələri açıqlanıb.
Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib”.
Bu barədə keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev danışıb. Nazir qeyd edib ki, Azərbaycan da daxil olmaqla 65 ölkə arasında qiymətləndirmə keçirilib:
“Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb”.
Onun sözlərinə görə, COVID-in təsirləri təhsilə ciddi təsir edib:
“2026-ci ildə keçiriləcək növbəti “PİRLS”in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb”.
Qeyd edək ki, son illər ölkədə təhsilin keyfiyyətinin aşağı olması ilə bağlı bir çox fikirlər səslənir. Hətta son günlər sosial şəbəkələrdə də qeyd edilir ki, bugünlərdə 9-cu siniflərin buraxılış imtahanının nəticələrinə diqqət yetirdikdə, bir qədər yüksək bal toplayanlar repetitor yanına gedən uşaqlardır. Getməyən şagirdlər isə 80 bal ərtafında toplayıblar.
Bu gün ölkədə təhsilin keyfiyyətinin aşağı olmasına yalnız COVİD təsir göstərib və mövcud imtahan nəticələri tədrisin keyfiyyətinin aşağı olduğunun göstəricisi deyilmi?
Təhsil üzrə ekspert Nadir İsrafilov “Cümhuriyət”ə bildirib ki, istər PİRLS, istər PİSA, istər TIMSS, istərsə də buraxılış və qəbul imtahanlarının nəticələri nə qədər vacib, zəruri olsa belə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumtəhsil məktəbinin vəzifəsi təkcə öz yetirmələrini zəruri biliklərlə silahlandırmaq deyil:
“Təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.
Bu baxımdan məzunlara hələ orta məktəbin ilk pillələrindən aşılanmalıdır ki, onların bu illər ərzində aldıqları ümumi təhsil “cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, onların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini , intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin etmək” üçündür.
Təhsilalanların da əsas vəzifəsi dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməklə yanaşı, müstəqil həyata hazırlanmaq, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək, xalqına, vətəninə layiq vətəndaşa çevrilməkdir. Hansısa müsabiqədə yüksək göstəricilərə nail olmaq, ali məktəbə 600-700 balla daxil olmaq, hansısa sahə və yaxud ixtisas üzrə müəyyən biliklərə yiyələnmək, hələ tam savadlı, səriştəyə əsaslanan şəxsiyyətyönümlü vətəndaş olmaq demək deyil”.
Ekspertin sözlərinə görə, bununla belə qarşıya qoyulan bu qədər zəruri vəzifələr içərisində istər orta ümumtəhsil məktəblərinin, istərsə də ali təhsil müəssisələrini vəzifəsi sanki, öz yetirmələrinə bir övuc nəzəri bilik ötürməkdən ibarət imiş:
“Təhsilin istər orta, istəsə də ali pilləsində bütün göstəricilər yalnız biliklə ölçülür, digər keyfiyyətlər əslində bir növ kölgədə qalmış olur. Başqa sözlə, bilik təhsilalanların nailiyyətlərinin ölçülməsi və təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün yeqanə meyar sayıla bilməz. Heç də əbəs yerə deyil ki, kütləvi elmi pedaqoji ədəbiyyatda “təhsilin keyfiyyəti cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur.
Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, bal nisbi bir anlayışdır, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Kurikulum ünsiyyət yönümlüdür. Kurikulumun vəzifəsi şəristəyə əsaslanan şəxsiyyət yönümlülükdür. Biz vətəndaş hazırlamalıyıq, şəxsiyyətyönümlü VƏTƏNDAŞ! İlk növbədə təhsilə baxışımız, düşüncə tərzimiz dəyişməlidir.Təhsil sevinc gətirməlidir, iztirab yox. Vaxt olub ki, 25 məzun 700 bal toplayıb, çox vaxtlar da olub ki, bir nəfər belə 700 bal toplamayıb.
Yaxud dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşlı) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri PİSA layihəsidə 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında sondan 2-ci 64-cü yerə sahib olmuşuq. Yəni bu göstəricilər daim keçici olub və bu günün özündə də keçici olaraq qalır. Burada müxtəlif təsirlərin rolu nəzərə alınmalıdır. Buna görə də hansısa ilin göstəricilərinə görə təhsilin keyfiyətinin aşağı və ya yüksək olması barədə qənətə gəlmək yanlışlıqdır. Keyfiyyət bir ilə yüksələ bilmədiyi kimi, bir ildə də aşağı düşə bilməz. Təhsilimizin hər bir nailiyyəti ilə sevinək, hətta öyünək, ancaq hansı ildəsə, hansı səbəbdənsə uğursuzluğa uğrayanda, bunu daha da böyüdüb, faciəyə çevirməyək”.
Nigar Abdullayeva
Cebhe.info