Nazirlik əhaliyə 153 istiqamətdə xidmət göstərir

Nazirlik əhaliyə 153 istiqamətdə xidmət göstərir

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə əhaliyə 153 xidmət göstərilir.

Nazirliyin Kollegiyası tərəfindən siyahısı təsdiq edilmiş həmin xidmətlərə əmək münasibətləri, əlillik və reabilitasiya, məşğulluq, pensiya, sosial müavinət və Prezident təqaüdlərinin təyinatı, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, dövlət icbari şəxsi sığorta, sosial xidmət, övladlığa götürmə sahələrinə aid xidmətlər daxildir.

Nazirlikdən bildirilib ki, son beş ildə icra olunan geniş elektronlaşdırma proqramı nəticəsində qeyd olunan xidmətlərin artıq 140-dan çoxu rəqəmsal platforma üzərindən təqdim edilir və qurum üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb.

2022-ci ildə bu e-xidmətlərə 21 milyona yaxın müraciət qeydə alınıb. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olub.

2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinatlarına başlanıb və ötən 4 ildə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada həyata keçirilib.

2020-ci ildə qurulan yeni e-sistem üzərindən isə son 3 ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb.

Nazirliyin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına sorğu sayı 209 milyon olub.

Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib ki. təkcə ötən il bu e-xidmətlər vasitəsilə 533 min e-arayış verilib.

Hazırda Nazirlik üzrə daha bir sıra xidmətlərin elektronlaşdırılması işləri aparılır.

Cebhe.info