Ölümə aparan qidalar: Tərkibində palma yağı olan məhsulları hələ də alırıq?

Ölümə aparan qidalar: Tərkibində palma yağı olan məhsulları hələ də alırıq?

Son vaxtlar ölkədə satışda olan yağlar və eləcə də digər məhsulların tərkibində qarışıqların, o cümlədən palma yağının olması ilə bağlı fikirər səslənsə də "istehlakçını aldanan bazar" yenə də davam etməkdədir.

Çünki bur gün istehlakçılar heç də aldıqları məhsulun tərkibinin həqiqətən də üzərində yazıldığı kimi olduğuna əmin ola bilmir.

Məsələn, bu gün satışda olan yağların, eləcə də digər məhsulların üzərində "tərkibində palma yağı var" yazılmış sözlərini görmək mümkün deyil. Çünki ya yazılmır, ya da məhsulun tərkibi bilərəkdən kişik hərflərlə yazılır ki, onu oxumaq belə qeyri-mümkündür.

Ancaq reallıq odur ki, bu gün dünya bazarında palma yağından və ondan hazırlanmış məhsullardan istifadə edilir ki, Azərbaycan da idxalçı ölkələrdən olduğuna görə belə məhsullar bizdə də var.

Palma yağı yüksək doymuş yağ tərkibli bitki yağı növüdür. İstehsal xərclərinin az olması səbəbindən yüksək tələbat olan palma yağından müxtəlif məhsullarda istifadə edilir. Dünyada qablaşdırılmış məhsulların böyük əksəriyyətində palma yağı var.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının məlumatına görə, palma yağı yüksək temperaturda emal edildikdə xərçəngə səbəb ola bilər.

Tərkibində palma yağı olan məhsullara: marqarin, kərə yağı, dondurma, keks, biskivit, paketlənmiş çörəklər, hazır ərişdə, şokolad,cipsi, qəhvə, pizza, dodaq boyası, şampun, sabun, diş məcunu,yuyucu vasitələr və s. daxildir.

Palma yağının qırmızı rəngini dəyişmək və qoxusunu aradan qaldırmaq üçün yüksək temperaturda təmizlənir. Heyvanlar üzərində aparılan araşdırmalarda bu yağın kanserogen təsir göstərdiyi sübut edilib.

İnsan həyatı üçün təhlükəli olan palma yağından istifadə ölkəmizdə qadağan olunubmu?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Cebhe.info-ya bildirdi ki, son illərdə Azərbaycanda və eləcə də bir çox inkişaf etməmiş ölkələrdə palma yağından istifadə geniş yer alıb:

"Bu onun istehsalının daha ucuz başa gəlməsi ilə bağlıdır. Eyni zamanda palma yağından hazırlanan qidaların saxlama müddəti daha uzun olur. Dadını, qoxusunu, strukturunu uzun müddət dəyişmədən qalır. Azərbaycana palma yağı əsasən Malayziya, İndoneziya, eləcə də Rusiya və Ukraynadan gəlirdi. Hazırda həmin ölkələrdən ixrac olunan məhsulların sayında külli miqdarda azalma var. Buna baxmayaraq yenə də ölkəmizə palma yağı idxal olunur və geniş şəkildə istifadə olunur.

Avropanın bir çox ölkələrində tamamilə qadağan olunsa da, paketlənmiş məhsulların tərkibində satışda var. Ancaq onlarda qanunvericilikdə belə bir məqam nəzərdə tutulub ki, mütləq şəkildə etiketdə açıq şəkildə tərkibində palma yağı olduğu qeyd edilməlidir.

Lakin Azərbaycan qanunvericiliyində bu öz əksini tapmayıb və demək olar ki, palma yağı həm təmiz yağ şəklində satılan yağların tərkibində də var. Eyni zamanda bir çox yağlarda tərkibində palma yağı olduğu göstərilsə də, bir qismində isə bitki yağı olaraq qeyd edilir. Bu da biznes - qida hiylələri adı altında istehlakçıların birbaşa aldadılması deməkdir. Təbii ki, insan orqanizmi üçün bir çox zərərləri sübut olunub. İlk növbədə palma yağını və tərkibində palma yağı olan məhsulları qəbul etdikdə onlar insan orqanizmində həzm olunmur və damarlarda və bir çox hüceyrələrdə yığılıb qalır ki, bu da zamanla bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Burada ilk yerdə onkoloji xəstəliklər, ürək-damar xəstəlikləri və kəskin şəkildə şəkərli diabet, piylənmənin artmasında palma yağından rolunu göstərmək olar. Palma yağından bəzən sənaye üsulu üçün istifadə etsələr də hazırda qida üçün istehsalı dünya bazarında geniş yayılıb.

Sənaye üsulu ilə hazırlanan məhsullarda, xüsusilə kosmetik vasitələrdə belə, palma yağı dəri, sağlamlıq üçün zərərlidir. Eyni zamanda orada doymuş yağ turşuları daha çox yer alır ki, bu da orqanizmdə sərbəst radikalları artırdığı üçün müəyyən orqanlarda, həm daxili orqanlarda, həm də dəri xərçənginin yaranmasında birbaşa rol oynayır. Palma yağının ekologiyaya da çox böyük zərəri var. Çünki palma yağının daha çox istehsal edildiyi ölkələrdə, məsələn, Malayziya və İndoneziyanı nəzərə alsaq orada ənənəvi uzunömürlü ağaclar kütləvi şəkildə kəsilir və yerinə palma ağacları əkilir ki, onların da ömrü 25-30 ildir ki, bu da davamlı olaraq uzunömürlü ağacların nəslinin kəsilməsi deməkdir. Bu da ekologiyaya da zərər vurur.

Yaxşı olardı ki, istehlakçılar məhsul alarkən tərkibində palma yağı olan məhsullarda istifadə etməsinlər, yaxud da minimuma endirsinlər. Çünki şokoladlar, vafli, konfetlər, peçenye, bir çox un məmulatlarında, uzunmüddətli paketlənmiş şirniyyatların hər birinin tərkibində demək olar ki, palma yağından istifadə edilir. Palma yağından istifadə edilməyən məhsul çox azdır. İstehlakçılar həmin məhsulları gündəlik olaraq istifadə etməsinlər. Xüsusilə də azyaşlı uşaqlar, inkişaf prosesində olan yeniyetmələr və gənclər bu kimi məhsullardan uzaq durmalıdır".

Nigar Abdullayeva
Cebhe.info